Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında milli valyutada istiqrazların buraxılışını uğurla həyata keçirib.
İstiqrazların yerləşdirilməsi açıq auksion metodu ilə həyata keçirilmişdir və bazar iştirakçılarının böyük marağına səbəb olmuşdur. Auksion nəticəsində 10 milyon manatlıq istiqraz həcminə ümumi tələb 81 milyon manatdan çox təşkil etmiş, orta illik faiz dərəcəsi 7,16%, maksimal faiz həddi isə kəsmə qiymət üzrə 7.25% həcmində qeydə alınmışdır.
“Biz şadıq ki, beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçirilən ilk emissiya Qara Dəniz Ticarət və İnkişaf Bankı və PAŞA Bankın birgə səyləri və məhsuldar tərəfdaşlıq nəticəsində baş tutub. PAŞA Bank bu emissiyanın həyata keçirilməsində əsasən məsləhətçilik xidməti göstərir və mən əminəm ki, bu layihə bütün lokal qiymətli kağızlar bazarının dayanıqlı inkişaf etməsinə müsbət təsir edəcək və təşkilatlarımız arasında uğurlu iş münasibətlərin başlanğıcının təməli olacaqdır”, – deyə PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.