4 C
Baku
Tuesday, December 24, 2024

“PAŞA Bank” rəqəmsal texnologiyaların tətbiqi ilə KOS seqmentində böyük uğur qazanıb

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” nüfuzlu beynəlxalq biznes nəşri “Euromoney” tərəfindən “Azerbaijan’s Best Bank for SME” (“Azərbaycanın ən yaxşı KOS bankı”) nominasiyası üzrə qalib elan olunub. Bu mükafatın alınması ilə bağlı “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev ilə aparılan müsahibəni diqqətinizə çatdırırıq.

Salam, Bəhruz müəllim. Bu nüfuzlu mükafatın alınması münasibətilə təmsil etdiyiniz bankı təbrik edirəm. Hamımız bilirik ki, kiçik və orta sahibkarlıq (KOS) real iqtisadiyyatın “hərəkətverici qüvvəsi” sayılır. Bunu nəzərə alaraq, xahiş edirəm, oxucularımıza ölkədə KOS sektorunu dəstəkləmək üçün “PAŞA Bank”ın bazarda hansı innovativ məhsulları təqdim etməsi barədə məlumat verəsiniz.

Təbrik etdiyiniz üçün çox sağ olun. KOS seqmenti “PAŞA Bank”ın daimi diqqət mərkəzindədir və bizim cari 2024-2026 İnkişaf Strategiyamızın ən vacib biznes istiqamətlərindən biridir. Son illər ərzində “PAŞA Bank” KOS seqmentində yenililikçiliyi dəstəkləmək üçün çoxlu tədbirlər həyata keçirir və yerli bazarda unikal maliyyə və qeyri-maliyyə məhsulları təqdim edir. Belə ki, Bank, KOS-lara rəqəmsal məhsul və xidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını daha effektiv və sürətli etməyə şərait yaradır. Ən çox tələbat rəqəmsal kredit, rəqəmsal faktorinq və rəqəmsal təchizat zənciri maliyyələşdirilməsi məhsullarınadır.

“PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.

Bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. Faktorinq xidmətləri ilə təchizatçılar mallarının və xidmətlərinin ödənişlərini vaxtında alır, alıcılar isə borclarını bank vasitəsilə ödəyir. Bu, KOS-lara maliyyə axınını daha yaxşı idarə etmələrinə və bizneslərini böyütmələrinə imkan yaradır.

Qeyri-maliyyə həllərindən danışarkən, iyul ayından başlayaraq biz “mPOS” adlı yeni məhsulu bizneslərə təqdim etmişik. Depozit və dövriyyə tələbi olmadan sahibkarlar “mPOS” – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri artıq telefonları ilə qəbul edə biləcəklər. Bura kart əməliyyatlarını qəbul edən ticarət obyektləri, eyni zamanda bərbər, dərzi, aptek, köşk və meyvə-tərəvəz mağazaları kimi kiçik bizneslər də daxildir.

KOS seqmentində innovasiya və təşəbbüsçülüyü dəstəkləmək üçün Bank tərəfindən hansı addımlar atılır? 

“PAŞA Bank” rəqəmsal texnologiyaların tətbiqi ilə KOS seqmentində böyük uğur qazanıb. Belə ki, 2018-ci ildən etibarən “PAŞA Bank”ın “Rəqəmsal Laboratoriya”, eləcə də “Biznes İnnovasiyaları” departamenti komandasının üzərində işləyib ərsəyə gətirdiyi məhsullar sayəsində Bank ənənəvi biznesdən kənar, öz müştərilərinə əlavə dəyər qatan xidmətlər də təklif edir. Hazırda aktiv istifadə edilən “Maliyyə Bələdçisi”, “Tərəfdaşı Yoxla” və “Maliyyə İdarəetməsi platforması”nı nümunə gətirmək olar.

Regionda müşahidə olunan dəyişkən makro-iqtisadi mühitdə, KOS-lara maliyyə vəsaitləri ayırarkən, “PAŞA Bank” bu bizneslərin üzləşə biləcəyi riskləri necə qiymətləndirir?

Müxtəlif biznes sahələri üzrə zəngin təcrübəyə malik olan “PAŞA Bank” riskləri qiymətləndirmək üçün kompleks yanaşma tətbiq edir. Bank tərəfindən daima iqtisadi və bazar təhlili aparılır, o cümlədən bazar göstəriciləri və iqtisadi proqnozlar yaxından izlənilir, eyni zamanda inflyasiya səviyyələri, valyuta dəyişiklikləri və iqtisadi artım proqnozları kimi amillər təhlil edilir. Bundan başqa, “PAŞA Bank”, KOS-ların fəaliyyət göstərdiyi konkret sahəni və ya sektoru qiymətləndirir – bura seqmentdəki tendensiyaları, rəqabət səviyyəsi və biznesə təsir göstərə biləcək sektora xas risklərin qiymətləndirilməsi aiddir.

Ayrıca vurğulamaq istərdim ki, “PAŞA Bank”, zəngin təcrübəyə əsaslanaraq, müxtəlif iqtisadi ssenarilərin KOS-ların maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinə necə təsir edə biləcəyini qiymətləndirir. Bu, iqtisadi tənəzzüllərin, valyuta məzənnələrindəki dalğalanmaların, faiz dərəcələrindəki dəyişikliklərin və digər amillərin potensial təsirlərini analiz etməyə imkan verir.

Müştərinin maliyyə sabitliyini qiymətləndirmək məqsədilə maliyyə hesabatları təhlil edilir, gəlirlilik və likvidlik əmsalları, borclanma səviyyələri və s. göstəricilər təhlil edilir, o cümlədən, təsisçilərin fəaliyyət təcrübəsi, hesabatlılıq səviyyəsi və s. kimi qeyri-maliyyə göstəriciləri nəzərə alınır.

Aparılan bütün bu təhlillər zamanı hər bir biznesə individual yanaşma tətbiq edilərək, biznesin ehtiyaclarına müvafiq məhsul və şərtlər təqdim edilir. Beləliklə, dəyişkən makro-iqtisadi mühitdə hər bir fəaliyyət sahəsinə uyğun spesifik riskləri qiymətləndirir, müştərilərimizin davamlı inkişafına dəstək verəcək maliyyə və qeyri-maliyyə həlləri təqdim edirik.

“PAŞA Bank” Azərbaycandakı KOS-ların inkişafını və dayanıqlığını təmin etmək üçün hansı dövlət qurumları və digər müvafiq təşkilatlarla əməkdaşlıq edir? 

“PAŞA Bank” KOS-ların inkişafını təşviq etməyə yönəlik dövlət səviyyəsində keçirilən təşəbbüslərdə, proqramlarda və tədbirlərdə aktiv iştirak edir və Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, ASAN Finans, Dövlət Vergi Xidməti və digər qurumlarla sıx əməkdaşlıq edir. Məsələn, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu və Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılan güzəştli kreditlərin məbləğinə görə “PAŞA Bank” çox vaxt ilk üçlükdə yer alır. Ümumilikdə qeyd etmək istərdim ki, dövlət səviyyəsində həyata keçirilən sahibkarlığın dəstək mexanizmləri KOS-lar üçün mövcud olan maliyyə dəstəyinə çıxışı asanlaşdırır.

Sizcə, Azərbaycanda KOS seqmentinin gələcək inkişaf perspektivlərini necə qiymətləndirmək olar? Orta müddətli perspektivdə, hansı biznes-seqmentlərin böyümə potensialı daha çoxdur?

Hazırda ölkədəki inkişafı, torpaqlarımızın işğaldan azad olunmasını, yeni iş yerlərinin yaradılmasını nəzərə alaraq, kiçik və orta sahibkarlığın inkişafı daha da sütətləndiriləcək. Əminəm ki, fəal inkişaf edən KOS seqmenti bundan sonra da ölkəmizin real sektorunun inkişafına, o cümlədən iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməyə davam edəcək.

Aqrar, istehsal, turizm, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG) və digər seqmentlərdə böyük potensial var və real sektorun etibarlı tərəfdaşı kimi, bu seqmentin daha da böyüməsi üçün dəstək göstərməyi davam etməyə hazırıq.

Son xəbərlər
Digər xəbərlər