®PAŞA Bank İkinci Qarabağ müharibəsində zərərçəkmiş ailələrə yardım göstərməyə davam edir.
Belə ki, bank, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralanan şəxslərə və şəhid ailələrinə dəstək göstərən “YAŞAT” fonduna 500 min AZN ianə köçürüb. Ümumilikdə isə PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” fonduna ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.
Qeyd edək ki, PAŞA Bank, müharibədə zərərçəkmiş ailələrə dəstək vermək məqsədilə keçirilən bir neçə yardım kampaniyasında aktiv iştirak edib. Bir müddət əvvəl İsrail-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi xeyriyyə aksiyasına qatılan PAŞA Bank müharibə dövründə Bərdə şəhərində dağıntıya məruz qalmış yaşayış məntəqələrinin sakinlərinə humanitar yardımın göstərilməsinə dəstək olub.
Bu ilin noyabr ayında bank əməkdaşları Bərdə şəhərində düşmən atəşi nəticəsində zərərçəkmiş 100-ə yaxın ailəyə dəstək kampaniyası keçirib. Bankın kollektivi “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edib. Burada zərərçəkmiş ailələrə öncədən bank əməkdaşları arasında keçirilmiş sosial kampaniya çərçivəsində alınan isti yorğanlar, qida məhsulları və gigiyena vasitələri, o cümlədən uşaq oyuncaqları təqdim olunub.
Eyni zamanda, PAŞA Bankın dəstəyi ilə ASAN könüllüləri cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkən uşaqlarla görüşüb. Psixoloji gərginlik keçirmiş azyaşlılara dəstək olmaq, uşaqların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilib.