“PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən PAŞA Həyat-da İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı vəzifəsini icra edəcəkdir.
E.İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
Yeni vəzifəsində E.İsgəndərov PAŞA Həyat-da risklərin idarə olunması strategiyasının formalaşdırılması, risk mədəniyyətinin gücləndirilməsi, korporativ idarəetmə və dayanıqlı inkişaf məqsədlərinə uyğun risk çərçivəsinin inkişafına rəhbərlik edəcək.
E.İsgəndərov təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr və magistr pillələrində alıb. Daha sonra Böyük Britaniyada Newcastle Universitetində Beynəlxalq Maliyyə Analizi üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. Maliyyə sektoru üzrə bir neçə beynəlxalq sertifikatlara malikdir.






