®“PAŞA Həyat Sığorta” ASC və “Bakı Dövlət Universiteti” arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Saziş imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.
23 avqust tarixində imzalanmış Əməkdaşlıq haqqında Saziş təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitetin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, ali məktəbin tələbə kontingenti üçün Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının ali məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.
Sazişdə Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində ali məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işəgötürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
Əməkdaşlıq sazişini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu memorandum müddətsiz olaraq bağlanılıb.
“Biz uzun müddətdir ki, PAŞA Holding daxilində şirkətlərlə əməkdaşlıq edirik. Bir sıra layihələr həyata keçiririk. Təhsil sahəsində yeni və gələcəyə fokuslanan istiqamətləri inkişaf etdirməyə çalışırıq. Ümid edirik ki, bu saziş həm bizə, həm PAŞA Həyat şirkətinə faydalı olacaq.” – deyə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.
“PAŞA Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılov isə vurğulayıb ki, – “PAŞA Həyat şirkətində biz hər zaman kadrlara xüsusi diqqət ayırırıq. İndiki strateji dövr şirkətimiz üçün rəqəmsallaşma dövrüdür. Bu istiqamətdə bizə çoxlu yeni nəfəs verəcək əməkdaşlar lazımdır. Bakı Dövlət Universitetinin tələbələrinə şirkətimizdə təcrübə keçməyə imkan yaradacağıq, biliklərimizi bölüşəcəyik. Bu sazişin həm də ölkəmiz üçün faydalı olacağına inanıram.”
Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.