-3 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Həyat”ın İdarə Heyəti sədrindən geniş müsahibə

PAŞA Həyat şirkətinin İdarə Heyəti sədri Niyaz İsmayılovun ənənəvi illik yekunu müsahibəsini  təqdim edirik.

– Salam Niyaz müəllim. Sizinlə həmsöhbət olmaq hər zaman xoşdur və əminik ki, bu dəfə də maraqlı və ətraflı müsahibə ilə oxucularımızı məmnun edəcəyik.

Mən də sizi və bütün oxucularımızı salamlayıram. Suallarınıza cavab verməyə hazıram.

1. Öncəki müsahibənizdə 2020-ci ili “Çağırış” (Challenge) ili adlandırmışdınız. Sizcə, hazırda geridə qoyduğumuz 2021-ci il hansı şüar altında keçdi?

2021-ci il PAŞA Həyat üçün İnnovasiya ili idi, çünki 2021-2023-ci il üzrə yeni strategiyamız “Rəqəmsal Transformasiya”dır. Burada transformasiya üçün təbii olaraq innovativ mühit yaratmaq lazımdır və hər sahədə yeniliklər etmək mütləqdir – istər rəqəmsal, istərsə də digər istiqamətlər üzrə.
Bu istiqamətdə qeyd etdiyim mühiti addım-addım formalaşdırdıqca, yaşatdıqca, şirkətin yenilikçi mövqeyi dayanıqlı olur. Mühit tədricən qurulub inkişaf etdirilməlidir. İşçilərdə müvafiq davranışın yaradılması, yeni ideyaları rahat şəkildə paylaşa bilmələri, rəylərə açıq olmaları, bir sözlə, fikir dövriyyəsi üçün uyğun şərait yaradılmalıdır. Belə bir dəyişim bizim üçün uzunmüddətli hədəfdir. Biz məhz bu cür mühiti formalaşdırmaq üçün əlimizdən gələni edirik.

Sadəcə olaraq demək istərdim ki, İnnovasiya artıq hər bir işçinin düşüncə tərzinin və şirkətin ayrılmaz hissəsidir və növbəti ilə də başqa ad vermək düzgün olmazdı. Biz elə bu istiqamətdə də addımlayacağıq.

2. 2021-ci il üzrə nəticələr barədə qısa məlumat verməyinizi xahiş edirik.

Öncə rəqəmlər haqqında danışmaq istərdim.

2021-ci il ərzində planladığımız nəticələrdən daha artığına nail ola bildik. Bir çox məqamları ilk dəfə burada paylaşacam.

Bizə çətinlik yaradan məsələlərdən biri planlama zamanı pandemiya dövrünün 6 ay davam etməsini proqnozlaşdırmağımız oldu. Bildiyiniz kimi, pandemiya hələ də davam edir. Lakin buna baxmayaraq, icbari sığorta məhsulu üzrə planı icra etdik, Yaşam sığortası məhsulu üzrə isə planı artıqlaması ilə yerinə yetirməyə müvəffəq olduq. Bu iki məhsul biznesimizin leytmotividir.
Bu əsas iki məhsuldan savayı, dövlət dəstəyindən asılı olmayan məhsulların üzərində də işləyirik. Sadə dildə desək, bu tip məhsullar adi depozitə alternativdir. Bu məhsuldan biri olan “Gəlirli Həyat Sığortası” məhsulu üzrə büdcədə cəmi 14,5 milyon manat yığım nəzərdə tutmuşduq. Böyük səylər nəticəsində burada çox fantastik bir nəticə verdik – 27.5 milyonluq bir nəticə göstərdik. Bundan əlavə, deyə bilərəm ki, “Rəqəmsal Transformasiya” strategiyasının ilk ilində xərclərin çoxluğunu nəzərə alaraq mənfəətin daha az olacağını təxmin etmişdik. Lakin bu xərclərə baxmayaraq, keçən 2020-ci il ilə müqayisədə biz daha yüksək gəlir gözləyirik. Yaxın aylar ərzində xarici audit bitdikdən sonra tam təsdiq olunmuş dəqiq nəticəni paylaşacağıq. Lakin indiki fərziyyələrimizə əsasən, bu rəqəm MHBS (IFRS) üzrə hesablandıqda 30 milyon manata yaxındır və bu, bizim şirkət üçün yeni rekord nəticə deməkdir.

2021-ci il ərzində çoxsaylı yeni layihələr həyata keçirmişik:

• Agile idarəetmə prinsipinin, Data Analitikanın möhkəm təməlini qoymuşuq. Agile metodologiyasına keçid etmək üçün işçiləri istədiyimiz səviyyəyə çatdırmışıq, həmçinin Data Analitika üzrə kadrların inkişafı uğrunda işləri həyata keçiririk. Sevindirici haldır ki, Data Mərkəzi ilə birgə “use-case”ləri işlətməyə başladıq və onlar üzərindən 2021-ci ildə bir neçə uğurlu əməliyyatımız oldu.

• Risk menecment sahəsində aktiv və passivlərin idarəedilməsi ilə bağlı modelləmə və normativ bazanın formalaşdırılması işləri aparıldı. Burada likvidlik risklərinin qarşısının alınması istiqamətində təkmilləşdirmə işlərinin aparılmasını xüsusi qeyd etmək istəyirəm. Bundan əlavə, IT risklərin ölçülməsi və tənzimlənməsi ilə bağlı konsultantlarla layihə həyata keçirdik, şirkətdaxili biznes prosesləri ilə potensial risklər arasındakı əlaqəni möhkəmləndirdik.

• Biz 2022-ci ilin sonlarına yaxın Solvency2 sisteminin hazırlığına başlayacağıq. Bu yeni beynəlxalq maliyyə hesabatlılığı sisteminə hazırlıqla əlaqədar metodoloji baza hazırlanıb, müəyyən modelləmə işləri artıq görülüb.

• Prioritet istiqamətlərimizdən olan investisiya sahəsində də yeni işlər icra etmişik. Şirkətimizdə investisiya fəaliyyəti üzrə nəzarətin gücləndirilməsinə və yerləşdirmələrə dair qərarların verilməsinə yardımçı olacaq alətlər panellərinin qurulması həyata keçirilib.

• 2021-ci il ərzində PAŞA Həyat şirkətinin sosial fəaliyyətini də qeyd etmək istərdim. Ölkəmiz və cəmiyyətimiz qarşısında olan məsuliyyətimizi unutmuruq və daim korporativ sosial məsuliyyət fəaliyyətinə xüsusi diqqət ayırırıq. 2020-ci ildən etibarən sosial fəaliyyətimiz sırf İkinci Qarabağ Müharibəsi üzərində cəmləndi. Çoxsaylı sosial aksiyalar həyata keçirdik – müharibə zamanı zərərçəkmiş şəxslərə, şəhid ailələrinə, uşaqlarına dəstək olduq. Qarabağın dirçəlişinə töhfə vermək məqsədilə YAŞAT və Qarabağ Dirçəliş fondlarına ianələr etdik. 2021-ci ilin sonunda Zəngilanda ağacəkmə layihəsində iştirak etdik. Qarabağımızın tarixinə və şəhidlərə həsr olunmuş “Karabakh Life” adlı veb platformanı ərsəyə gətirməyimiz əminəm ki, təkcə şirkətimiz üçün yox, ölkəmiz üçün önəmlidir. Onu da qeyd edim ki, PAŞA Həyat artıq 10 ilə yaxındır İRS Nəşriyyat evi ilə əməkdaşlıq çərçivəsində kitab nəşrlərinə dəstək olur. Ötən il ərzində Qarabağa aid yeni kitablar işıq üzü gördü.

Fəlsəfəmizə sadiq qalaraq cəmiyyətə və dövlətə fayda verməyə bundan sonra da davam edəcəyik.

3. Sizin Agile yanaşmasının uğurlu tətbiqi barədə kifayət qədər məlumatlıyıq. Bəs, ötən il ərzində bu istiqamətdə hansı işlər görülüb?
Artıq Agile metodologiyasının ilkin mərhələsini həyata keçirmişik. Transformasiya prosesində biz öncə Agile Laboratoriyanı qurduq. Daha sonra konsultantlarla birgə Agile təfəkkürünün işçilər arasında formalaşdırılması üçün çox əhəmiyyətli bir layihə həyata keçirdik. Əminliklə deyə bilərəm ki, işçilərimizi ilkin mərhələdə tələb olunan təfəkkür səviyyəsinə çatdıra bilmişik.
Bildiyiniz kimi, Agile yeni yanaşmadır və yeni yanaşmaya uyğun olaraq yeni insan resursları sistemi formalaşdırılmalıdır. Bundan sonra bu idarəetmə prinsipinə uyğun olan Qreydinq və Performans Menecment sistemi formalaşdırmalıyıq. İnsan Resursları ilə ilkin mərhələni icra etmişik və növbədə böyük layihə gözlənilir.

Ötən il üzrə qeyd etdiyim yüksək nəticələrimiz Agile metodologiyanın uğurunu göstərir.
Bir daha vurğulamaq istərdim ki, əvvəlki yanaşmamızda müştərinin nəyi bəyənəcəyini biz fərziyyə edirdik və ona uyğun məhsul yaradırdıq. İndiki yanaşmaya əsasən isə biz sırf müştəri ehtiyacına uyğun olan məhsulları ərsəyə gətiririk.

4. Yaxın illər ərzində biznesinizdə hansı yeniliklər gözlənilir?

• 2022-ci ildə Data Governance sisteminin qurulması əsas planlarımızdan biridir. Bu çərçivədə ilk növbədə “Data Road Map”ın hazırlanmasını və hibrid struktur modelinə keçid etməyi planlaşdırırıq. Daxili Data mədəniyyətinin formalaşması üçün müvafiq təlim-tədris işləri də görüləcək.

• Əsas istiqamətlərimizdən digəri IT arxitekturasında dəyişikliklər etməkdir. Gələcəkdə mikroservis arxitekturasına tədricən keçid etmək məqsədilə “devops” proseslərinin təkmilləşdirilməsi və gücləndirilməsi işləri aparılacaq. Həmçinin, bulud həllər üzərində olan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün yeni layihələrə start veriləcək. Məlumat üçün deyim ki, müxtəlif dövlət və qeyri-dövlət qurumları ilə inteqrasiya şəbəkələrimizi genişləndirəcəyik və onlardan məlumatların avtomatik əldə edilməsi üçün sistemlərimizi təkmilləşdirəcəyik.

• Rəqəmsal sferada Yaşam sığortası məhsulu üçün artıq mobil tətbiqimizi ərsəyə gətirmək istəyirik. Rəqəmsala bağlı olan məhsullar çərçivəsində gələn ilin sonuna fərqli startaplarla yeni əməkdaşlıq planlayırıq. Bu məhsullar müştəri ehtiyaclarına və gözləntilərinə uyğun olaraq yaradılacaq, belə ki, müştərimiz çox asanlıqla bütün əməliyyatları bir nöqtədən yerinə yetirə biləcək.

• Risklərin idarəedilməsi istiqamətində isə IFRS-17 standartının implementasiyasına başlayırıq. Biz bununla bağlı da konsultantlarla işləyirik. IFRS-17 implementasiyası edərkən paralel olaraq 2022-ci ilin sonuna öncə qeyd etdiyim Solvency2 direktivinə hazır olmaq üçün hüquqi və normativ bazamızı təkmilləşdirəcəyik, daha sonra Solvency2 sistemini tətbiq etməyə başlayacağıq. Digər tərəfdən, sadəcə Risklərin İdarəedilməsi departamenti deyil, həm də digər strukturlarda risk mədəniyyətinin artırılması istiqamətində bəzi layihələri həyata keçirəcəyik. Çünki şirkət böyüdükcə və iş həcmi artdıqca Risk Menecment sistemi də müvafiq olaraq gücləndirilməlidir.

• Bilindiyi kimi, həyat sığortası şirkətləri aktivlərin idarəedilməsi ilə məşğuldur. Buna görə də hesab edirik ki, investisiya sahəsi daim inkişaf etdirilməli prioritet istiqamətlərdən biridir. Bununla bağlı xarici təcrübənin araşdırılması, xarici ekspertlərlə daxili komandanın sıx işləməsi, bu sahədə yeni investisiya qaydalarının formalaşdırılması və requlyatorla müəyyən müzakirələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

• Gələn il üzrə bizim təyin edilmiş əsas planlarımızdan biri də bazar payı potensialımızı qoruyub saxlamaqdır.

• Öncə də qeyd etdiyim kimi, dövlət dəstəyi olmayan yeni məhsulların ərsəyə gətirilməsi üzərində işləyirik.

5. Özəl pensiya fondları haqda son vaxtlar daha çox danışılır. Bizə bu mövzu ilə bağlı nə deyə bilərsiniz?
Beynəlxalq praktikada gördüyümüz kimi, özəl pensiya fondları sisteminə bir sıra ölkələr keçid edir.
Əslində bu haqda ətraflı danışmaq hələ ki, tezdir.
Özəl pensiya fondlarına yatırılan məbləğlərin uzunmüddətli vəsaitlər, kütlə qarşısında böyük və ciddi məsuliyyət olduğunu nəzərə alaraq bu sahə üzrə kadrların güclü inkişafı labüddür. Həmçinin, bu proses aktivlərin və öhdəliklərin idarəedilməsi baxımından böyük bir çağırış deməkdir.
Sadəcə bir məqamı vurğulamaq istərdim ki, dünya təcrübələrinə baxsaq, bəzi ölkələrdə bu proses məhz həyat sığorta şirkətlərinə ötürülür.

6. Sonda oxuculara nə demək istərdiniz?
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmrəyliyimizin ildən-ilə güclənməsini arzulayıram. Xalqımızın müharibə zamanı göstərdiyi birlik, güc bizi bir xalq olaraq daha da həmrəy etdi. Əminəm ki, bunun sayəsində iqtisadiyyatımız da ildən-ilə sürətlə inkişaf edəcək. Bu bayram bizə həqiqətən də yaraşır!
Biz də öz növbəmizdə iqtisadiyyatımızın inkişafında iştirak etmək istəyirik. Ciddi islahatlar gedir və hər birimiz bu prosesə töhfə verə biləcəyik.

Hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm və həmvətənlərimə möhkəm sağlamlıq arzu edirəm.

 

Son xəbərlər
Digər xəbərlər