“PASHA Holding” MMC-yə yaxın olan “PAŞA Maliyyə Holdinqi” MMC təsis edilib və yeni holdinqin idarəetməsinə maliyyə şirkətləri daxil olacaq.
Banker.az xəbər verir ki, şirkəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 dekabr 2025-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin direktoru Fərid Məmmədov Usad oğludur. O, ana şirkət “PASHA Holding”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktorudur.
Şirkət cəmi 100 manat nizamnamə kapitalı ilə təsis edilib.
Holdinqin açıqlamasında bildirilib ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (“Kapital Bank”, “Competo” və “PashaPay”), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.
Qeyd edilir ki, yeni struktura əsasən “PAŞA Holding”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holding”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir.





