Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə danışıqlarda iştirak etmək üçün Soçiyə gedib.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə işgüzar səfərə gəlib. Onu baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edir”, – rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl bildirdiyi kimi, bu gün Putin, İlham Əliyev və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, sabitliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirməyi planlaşdırırlar.