Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında əzilən Ermənistan ordusu mövqelərini itirir. Şimalda Tərtər, cənubda isə Cəbrayıl-Füzuli istiqamətində irəliləyən Azərbaycan ordusu düşmən cəbhəsində mənəvi-psixoloji sarsıntı yaradıb.
Erməni təbliğat maşını cəbhə ilə bağlı yalan xəbərləri servis etməyə davam etsə də, məlum qələbələrin fonunda əvvəlki temp düşüb. Bu da düşmən içərisində məğlubiyyət ab-havasının hakim olduğunu isbat edən faktordur.
Bunu sübut edən daha bir mühüm detal isə Ermənistan ordusunun Azərbaycanın dinc yaşayış məskənlərini atəşə tutmağa başlaması idi. Erməni qüvvələri ilk günlərdən başlayaraq cəbhəyə yaxın kəndləri, o cümlədən, Tərtər, Naftalan şəhərlərini ağır artilleriya atəşinə tutsa da, Suqovuşan, Talış və Cəbrayıl-Füzuli istiqamətində qələbə xəbərlərindən sonra düşmənin yaşayış məskənlərinə zərbələri intensivləşdi.
Bazar günü səhər saatlarında Gəncə şəhəri, axşam Mingəçevir, gecə isə ortamənzilli raketlərlə Xızı rayonu və Abşeron rayonu atəşə tutuldu. Bu isə artıq məğlubiyyətin doğurduğu isterikanın göstəricisidir.
Yeri gəlmişkən, bundan əvvəl ötən həftənin ortalarında hər dəfə cəbhədə ağır zərbə alan düşmən yaşayış məskənlərini atəşə tuturdu. Lakin indi Azərbaycanın bütün böyük şəhərləri atəşə tutuldu.
Gəncə, Mingəçevir, Bakı, bazar ertəsi isə bu günə qədər hədəfə alınmayan Bərdə, Ağcəbədi rayon mərkəzləri, ümumiyyətlə, Ermənistanla yaxın zolaqda yerləşən Tovuzdan Beyləqana qədər bütün şəhərlər bombalandı.
Xüsusilə Bakıya raket atılması müharibə dövründə ilk hadisə idi və erməni tərəfinin isterikada olduğunu sübut edirdi. Ermənistanın Xızıya raket atması 1991-ci ildə İraq diktatoru Səddam Hüseynin İsraili “Skad” raketləri ilə vurması hadisəni xatırladırdı.
1991-ci ildə 30-dan çox ölkənin birləşdiyi beynəlxalq hərbi koalisiya Səddam Hüseynə qarşı ABŞ-ın rəhbərliyi altında “Səhrada Fırtına” əməliyyatına hazırlaşanda İraq lideri İsrailə SSRİ istehsalı olan 39 ədəd “yer-yer” tipli “Skad” raketi atdı.
Raketlərin İsrailə ciddi zərəri olmadı, müəyyən dağıntı və bəzi mənbələrdə iki nəfərin ölümünə səbəb oldu. Səddam Hüseynin əsas məqsədi İsrailə raket atmaqla yəhudi dövlətini özünə qarşı müharibəyə çəkmək və bununla da koalisiyadakı ərəb dövlətlərini loyallaşdırmaq idi. Çünki İsrail İraqa hücum edərdisə, ərəb dövlətləri eyni koalisiyada yer almayacaqdı.
Lakin Səddamın istədiyi olmur, ABŞ-ın da istəyi ilə İsrail neytral qalmaqda davam edir və beynəlxalq koalisiya Səddam Hüseyni məğlub edir. İsrailə atılan 39 “Skad” raketi isə müasir tarixdə məğlub ordunun son çırpıntıları və uğursuz təxribat kimi yadda qaldı.
Əlbəttə, hər kəsə aydındır ki, Ermənistanın əlində 300 kilometrdən uzağa uça bilən raketlərin sayı üçrəqəmli ədədlə ifadə olunmur. Üstəlik, Səddam Hüseyn təcrübəsi də göstərdi ki, əsasən köhnə olan bu raketlərin hədəfi dəqiq vurmaq imkanları çox azdır.
Yəni Ermənistanın Bakını, yaxud da Mingəçevir və ya Gəncəni raket atəşinə tutmasının iki əsas səbəbi var. Birincisi, Azərbaycanı təxribata çəkmək. Hərbi ekspertlər də bildirir ki, iri şəhərlərin raket atəşinə tutulmasının əsas səbəbi Azərbaycanın oxşar şəkildə cavab verməsi və nəticədə, müharibənin miqyasının genişlənməsi, Rusiyanın, o cümlədən, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) müharibəyə cəlb etməkdir.
Rəsmi Bakının reaksiyası göstərdi ki, Azərbaycan tərəfi belə ucuz təxribatlara getmək fikrində deyil.
Erməni tərəfinin Bakıya və digər iri şəhərlərə raket atmasının digər məqsədi dinc insanlar arasında daha çox itkilərə səbəb olmaq, mülki obyektlər, su anbarı, elektrik stansiyası kimi obyektləri vurmaqla kütləvi qorxu və təşviş yaratmaqdır. Bunu separatçıların sözçüsü Vaqram Poqosyan da etiraf edib.
Erməni mətbuatına danışan Poqosyan deyib ki, bu bombardmanlardan sonra minlərlə insan ev-eşiyini tərk edərək, Bakıya və daha “içərilərə” doğru qaçıb. Bu iddia təsdiqini tapmasa da, erməni tərəfinin raket zərbələrindən gözləntisini ortaya qoyur.
Ancaq Ermənistan rəhbərliyi dinc əhalini bombalamaqla nəzərdə tutduğu hədəfə nail olmadı. Əksinə, əhalidə düşmənə qarşı qəzəb və nifrət artdı. Və ən əsası, Bakıdan İrəvana raket atılmadı.
Əlbəttə, insan oğlu hər nə qədər müharibə qanunları adlı sənədlər, qanunlar yazsa da, bir qayda olaraq reallıqda bunların əksəriyyətinə əməl edilmir. Azərbaycan isə Ermənistanla bir dəfə amansız və heç bir insani normalara sığmayan müharibəni yaşayıb.
Xocalını yaşamış xalq qarşısındakı düşməndən hər cür xəyanətkar hərəkəti gözləyir və buna hazırdır. Bu səbəbdən də erməni liderlərin sonuncu “güllələrini” Bakıya doğru atmaları nəticəyə təsir etməyəcək. Çünki “sonuncu güllə” məğlubları xilas etmir.