15 C
Baku
Friday, April 26, 2024

Çin Honkonqu ram edir – “Bir ölkə, iki sistem” yoxa çıxır

Çin Honkonqu özünə tabe etdirməyə çalışır. Pekin ilk əvvəl Honkonqun seçki sistemini dəyişdirmək istəyir. Banker.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi bildirir.

Bu yolla çinlilər Honkonqdakı anti-Çin qüvvələri neytrallaşdırmağa çalışırlar. Ancaq hadisələrin bu cür gedişatı Vaşinqtonu və Brüsseli narahat edir. Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin insan haqlarının növbəti pozuntularına hazırlaşır.

Pekin ilkin mərhələdə Honkonqun qanunverici strukturunu dəyişəcək. Bu struktur Honkonq administrasiyasının rəhbərini müəyyənləşdirir. Deməli, Pekin qanunverici strukturun tərkibini dəyişdirməklə administrasiya rəhbərliyinə də istədiyi şəxsi gətirə bilər. Pekin seçki sistemini elə dəyişmək istəyir ki, Honkonqda Çin əleyhinə çıxan qüvvələr və ya şəxslər deputatlığa namizədliklərini irəli sürə bilməsinlər. Bundan başqa Pekin Honkonq parlamentinin sayını indiki 70 nəfərdən 90 nəfərə qədər artırmağı planlaşdırır. Bu da anlaşılandır. Pekin Honkonq parlamentində tərəfdarlarının sayını çoxaltmağa çalışacaq.

KOMMUNİST İDARƏÇİLİYİ…

Honkonqun indiki rəhbərliyi Pekinin planları əleyhinə çıxmır. Onlar hesab edirlər ki, bu Honkonqun təhlükəsizliyinin artırılması baxımından gərəklidir. Ancaq Honkonqda hamı belə düşünmür. Honkonqun Çindən məsafə saxlamasını istəyən siyasi cərəyanlar Pekinin planları əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, Pekin Honkonqda da kommunist idarəçiliyi bərpa etmək istəyir.

Honkonq uzun illər Böyük Britaniyanın tərkibində olub. London Honkonqu 1997-ci ildə Çinə təhvil verib. Çin hakimiyyəti birləşməni belə adlandırıb: “Bir ölkə, iki sistem”. Məsələ burasındadır ki, Çində kommunist rejim mövcud olsa da, Honkonq kapitalist idarə üsuluna malik idi. Pekin 1990-cı illərdə Honkonqu özünə müqavimətsiz birləşdirmək üçün “bir ölkə, iki sistem” şüarından istifadə etdi. Bu şüar o illər çoxlarını razı saldı, düşünüldü ki, Pekin fərqli sistemə hörmət edəcək. Ancaq illər keçdikcə Pekin bu sistemi dəyişdirməyə başladı və Honkonqu daha çox özünə ram etdirməyə başladı. Bu isə Honkonqda kütləvi etirazlara səbəb oldu. Ən böyük etirazlar 2019-cu ildə qeydə alındı.

Çin Honkonqda ələ keçirilən cinayətkarların Çinə ekstradisiyasına qərar verdi. Bu qərar Honkonq əhalisi arasında narazılığa səbəb oldu. Çünki, hesab edildi ki, Pekin “cinayətkar” adı altında xoşuna gəlmədiyi istənilən şəxsi, o cümlədən müxalif düşüncəli siyasətçini Çindəki həbsxanalara ekstradisiya edə bilər. Koronavirusa baxmayaraq, Honkonqda etirazlar 2020-ci ildə də davam etdi. ABŞ, Avropa İttifaqı və Avstraliya Honkonqdakı etirazlara dəstək verdilər. ABŞ-ın o zamankı dövlət katibi Mayk Pompeo Pekinin qərarının Honkonq muxtariyyətini məhv edəcəyini bildirdi. ABŞ-ın yeni administrasiyası da böyük ehtimalla Honkonqdakı mümkün etirazlara dəstəyi davam etdirəcəklər.

Buna baxmayaraq, bəzi ümidlər var ki, Çin Honkonq parlamentinə dialoqa meylli müxalifət nümayəndələrinin seçilməsinə mane olmayacaq. Ancaq Honkonqda fərqli düşünənlər az deyil.

Çinin Kommunist Partiyası özgəfikirliyə dözüm nümayiş etdirmir. Belə olmasaydı, Çindəki uyğurlar dünyanın gözü qarşısında zülmlə üzləşməzdi. Pekin eləcə də Honkonqda özgəfikirliyi ortadan qaldırmağa çalışır. Çünki, Pekin ehtiyat edir ki, fərqli siyasi sistem gələcəkdə Çin ərazisindəki vətəndaşların diqqətini çəkə bilər. Bu baş verməsin deyə Pekin Honkonqun siyasi sistemini tədricən özününküləşdirməyə çalışır. Məsələn, Çinin tələbi ilə Honkonqda 47 nəfərin məhkəməsi davam edir. Bu o şəxslərdir ki, Çinin siyasətini kəskin tənqid ediblər. Onları Çin təhlükəsizliyinə problem yaratmaqda ittiham edirlər.
Honkonqda etirazlar səngiyib. Ancaq hər an durum Pekinin əleyhinə yenidən dəyişə bilər. Bundan başqa Qərb ölkələrinin də etirazlara dəstək verdiyini nəzərə almaq lazımdır. Buna baxmayaraq, Pekin geri addım atmayacaq. Çin hakimiyyəti Qərblə müqaviməti davam etdirməyə hazırdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər