26 C
Baku
Tuesday, April 30, 2024

Peşəkar yanmanın qarşısını necə almaq lazımdır

Peşəkar yanma dedikdə, fiziki, emosional və zehni tükənmə başa düşülür və bu özünü daha çox sosial sahədən olan peşələrdə göstərir. Emosional yanma–kifayət qədər məkrli  bir prosesdir, çünki bu sindroma məruz qalan insan, adətən onun simptomlarını o qədər də yaxşı dərk etmir.   O, özünü kənardan görə və ətrafda nə baş verdiyini başa düşə bilmir. Amma yanma sindromundan vaxtında xəbər tutmaq və ondan çox effektiv şəkildə müalicə olunmaq mümkündür.

Rəhbərlər və HR-menecerlər gərək öz işçilərinin son zamanlar özünü pis hiss etməsi, fiziki sağlamlığı və emosional durumları ilə bağlı şikayətlərinə qarşı diqqətli olsun.

Əvvəlcə emosiyalarda sönmə müşahidə edilir, hisslərin itiliyi itir. Sanki zahirdə hər şey normaldır, amma daxildə boşluq və darıxma hissləri olur. Sonra isə birlikdə işləməli olduğun insanlar səni qıcıqlandırmağa başlayır, öz həmkarlarının əhatəsində olan yanmağa başlamış peşəkar bir az etinasızlıq, həm də bir az istehza ilə bəzi müştəriləri, ya da bəzi işçiləri haqqında danışmağa başlayır. Daha sonra o ünsiyyət zamanı onlara qarşı xoşa gəlməz hisslər duyduğunu anlayır. Ilk əvvəl o bu hissləri asan idarə edir, onlardan acığı gəldiyini bildirməməyə çalışır, lakin getdikcə bu qıcıqlanmanı gizlətmək daha da çətin olur, nəhayət yığılmış qəzəb sadəcə partlayışla ətrafa yayılır. Onun qurbanı həmin an təsadüfən yaxınlıqda olan, heç nədə günahı olmayan bir insan – müştəri, həmkar, tədarükçü və s. ola bilər.

Son mərhələdə isə özünü qiymətləndirmə və professional motivasiya kəskin şəkildə aşağı düşür. Insan bir vərdiş kimi, öyrəşdiyinə görə yenə ətrafdakılara qarşı hörmətlə davranmağa davam edə bilər, özünü ləyaqətlə  aparar. Lakin hər şey və bütün ətraf onun üçün sanki əhəmiyyətsiz olur və o laqeydləşir. Insanlar ilə ünsiyyət onun üçün narahatçılığa çevrilir. Bu son mərhələdə sağlamlıqda pozulmalar, yuxusuzluq, spirtli içkilərdən, siqaretdən, dərmanlardan, psixotrop maddələrdən həddindən çox istifadə halları müşahidə olunur. Məhz bu ardıcıllıqdan sonra, bir qayda olaraq emosional yanmanın simptomları da müşahidə olunmağa başlayır, bu simptomlar isə üç qrupa bölünür.

Peşəkar yanmanın psixofiziki simptomlarına aşağıdakılar aiddir:

•    Daimi, keçmək bilməyən yorğunluq, təkcə gecələr deyil, həm də səhərlər, yuxudan dərhal sonra (xroniki yorğunluq simptomu);
•    Emosional və fiziki tükənmə hissi — simptomun inkişafına səbəb olan amil çox yüksək aktivlik dövrü ilə bağlıdır, insan özünü bütünlüklə işə həsr edir, işlə bağlı olmayan digər tələbatlarından imtina edir, öz ehtiyaclarını unudur, sonra isə -tükənmənin ilk əlaməti başlayır. Tükənmə özünü həddindən artıq gərginliyə salma, emosional və fiziki resursların sıradan çıxması, hətta gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi ilə müəyyən olunur.  Bir az dinclikdən sonra (istirahət günləri, məzuniyyət) sözü gedən təzahürlər nisbətən azalır, lakin əvvəlki iş situasiyasına qayıtdıqda vəziyyət yenə də gərginləşir;
•    Özünü təcrid- ətraf aləmdə baş verən hadisələrə qarşı reaksiya qabiliyyətinin və hissiyyatlılığın aşağı düşməsi (yenilik faktoruna qarşı marağın olmaması və təhlükəli situasiyaya qarşı qorxu reaksiyanın yoxluğu;
•    Ümumi astenzasiya (zəiflik, fəallığın və enerjinin aşağı düşməsi, qanın biokimyasının və hormonal göstəricilərin pisləşməsi);
•    Tez-tez səbəbsiz yerə baş ağrıları, mədə-bağırsaq sistemində tez-tez pozulmalar;
•    Çəkinin kəskin azalması, ya da artması;
•    Tam və ya hissəli yuxusuzluq, (tez yuxuya getmə və sübh çağlarında yuxusuzluq, ya da əksinə, gecə yuxuya gedə bilməmək, saat üçə-dördə qədər ayıqlıq, gündüz isə yuxudan ayıla bilməmək, işə getmək vaxtında yuxunun gəlməsi);
•    Daimi tormuz vəziyyəti, yuxulu gəzmək, bütün gün ərzində yatmaq istəmək;
•    Daxili və xarici sensor hissiyatı qabiliyyətinin nəzərə çarpacaq qədər zəifləməsi; görmə, eşitmə, iybilmə,  toxunaraq hissə etmə qabiliyyətlərinin pisləşməsi.

Peşəkar yanmanın sosial psixoloji simptomlarına  isə aşağıdakı xoşa gəlməz hisslər və reaksiyalar aiddir:

•    Laqeydlik, darıxma, passivlik və depressiya (emosional tonusun aşağı düşməsi, düşkünlük, dalğınlıq hissi).
•    Təkcə işdə deyil, həm də şəxsi həyatda arsızlıq və sərtlik;
•    Ən adi, mənasız və əhəmiyyətsiz hadislərə qarşı belə, həddindən artıq qıcıqlnma:
•    Tez-tez müşahidə olunan əsəb sarsıntıları ( səbəbsiz yerə qəzəb nümayişləri və ya ünsiyyətdən imtina, özünə qapanma, tərki dünyalıq);
•     Daima mənfi əhval ruhiyyədə olma, neqativ emosiyalar, zahiri  səbəblər olmadan əhvalın pisləşməsi, nigarançılıq (özünü günahlandırma, inciklik, küsəyənlik, hər şeyə şübhə ilə yanaşma, xəcalət, özünü əli-qolu bağlı hiss etmək, məyusluq: özünə inamsızlıq);
•    Dərk olunmayan, aşkar səbəb olmadan nigarançılıq və həddindən artıq həyəcan, səksəkə (sanki «nə isə olacaq, nəsə yolunda getmir»kimi  hislər);
•    Hiper məsuliyyət hissi və daima keçəməyən qorxu hissi ki, «nəsə alınmayacaq» ya da insan «bunun öhdəsindən gəlməyəcək»
•    Həyati və peşəkar perspektivlərə, gələcəyə ümumi neqativ köklənmə (məsələn, «Nə qədər çalışsan da, yenə də bir yerə çıxmaq olmur, elə yerində sayırsan»);
•    Ailə, dostlar, həmkarlar tərəfindən kifayət qədər dəstək olmaması hissi;
•    Səhv seçim edilməsinin dərki: yenilik hissindən olan sevinc və fərəh keçmişdir, indi böyümə və yetkinlik mərhələsidir, artıq təəssüflənmə və peşmançılıq mərhələsi başlayır. Əksər hallarda əməkdaşlar özləri etiraf edir ki: «mən bu mövqeni müzakirə etməyə hazıram, amma düzünə qalsa bu biznesdən getmək istərdim –yorulmuşam, düzü hər şeydən, bütün bunlardan bezmişəm».

Personal üzrə menecerlər realsistik olaraq başa düşürlər ki, bu emosional tükənmənin tamamı ilə müəyyən bir mərhələsinə uyğun gələn simptomlardır və artıq nəsə etmək, bir tədbir tökmək lazımdır. Yəni əməkdaşa kömək etmək üçün konkret fəaliyyətə keçmək lazımdır.

PEŞƏKAR YANMANIN DAVRANIŞ SIMPTOMLARINA ƏMƏKDAŞIN DAVRANIŞINDA MÜŞAHIDƏ OLUNAN AŞAĞIDAKI ƏMƏLLƏR DAXILDIR:

•    işin getdikcə daha da ağır olması hissi, onu yerinə yetirilməsi isə günü-gündən çətinləşir;
•    əməkdaş getdikcə iş gününün rejimini dəyişir, işə tez gələrək, hamıdan gec gedir, ya da tam əksinə, işə hamıdan sonra gəlib, hamıdan tez gedir;
•    obyektiv səbəblər olmadan,  yəni buna real ehtiyac olmadan işi evdə etmək üçün özü ilə götürür, lakin evdə də onu edə bilmir;
•    rəhbər qərar qəbul etməkdən imtina edir, bunun səbəbini özünə və digərlərinə izah etmək üçün bəhanələr, bəraətlər fikirləşir;
•    özünü yararsız, lazımsız hiss etmək, yaxşılaşmaya ümidin olmaması, işə qarşı münasibətdə ruh yüksəkliyinin aşağı düşməsi;
•    əsas, prioritet məsələlərin yerinə yetirilməməsi, xırda detallarda, cüzi şeylərdə ilişib qalma, iş vaxtının böyük hissəsindən müəssisə tələblərinə və nizamnaməsinə uyğun olmayan şəkildə istifadə, dərk olunmayan və ya həyata keçirilməsi avtomatik hal almış elementar fəaliyyətlərə çox vaxt sərf etmək.
•    spirtli içkilərdən sui-istifadə, gün ərzində çəkilmiş siqaretlərin sayının kəskin artması, narkotik vasitələrdən istifadə;
•    problemin həlli üçün alternativ yolların axtarılmasına marağın azalması (işdə);
•    işin formal olaraq yerinə yetirilməsi;
•    fəallığın, aktivliyin azalması, asudə vaxta, hobbilərə maraq göstərməmə;
•    işə görə sosial kontaktlara məhdudiyyət qoymaq;
•    həm evdə-ailədə, həm də digərləri ilə münasibətlərdə  soyuqluq.

Müşahidə olunmuşdur ki, peşəkar yanmanın əlamətləri həm də yoluxucu ola bilər, yəni heç də mütləq deyil ki, ondan yalnız bir insan əziyyət çəksin. Belə bir qismət təkcə bir işçini deyil, həm də bütöv bir kollektivi yaxalaya bilər. Təşkilatların da peşəkar yanma halları nadir hadisə hesab olunmur, çünki bu halda təşkilatın əməkdaşlarının böyük əksəriyyəti fiziki və emosional gərginlikdən, tükənmədən əziyyət çəkə bilər, yəni onlar daxilən eyni simptomları yaşayır və oxşar davranış tərzi sərgiləyir. Bu zaman əməkdaşlar arasında şəxsi fərqlər asta-asta yoxa çıxır, bu ayrı-ayrı fərdlər getdikcə qeyri təbii şəkildə bir-birinə daha çox oxşayır və eyni olmağa başlayır, sanki bir simaya çevrilirlər.  Insanlar pessimist olur, işdə müsbət dəyişikliklərə və hər şeyin yaxşılığa doğru düzələcəyinə inamları olmur, nəyi isə öz səyləri sayəsində dəyişə bilmək imkanın olduğuna da inanmırlar. Iş keyfiyyəti aşağı düşür, məntiqi səbəblərlə izah olunmayan istefa və qovulma halları müşahidə olunur (kadrların axmasında yüksək sürət). Loyallıq azalır, səmərəlilik itir, kollektivdə neqativ abı-hava hökm sürür.

Peşəkar yanmanın mərhələləri

Sözü gedən fenomenin profilaktikası və araşdırılması problemlərinin öyrənən əksər müəlliflər, adətən «peşəkar yanma sindromunun» əsas üç mərhələsinin olduğunu qeyd edir.

1.  Birinci mərhələ -vəzifələrin yerinə yetirilməsi zamanı, qeyri iradi davranış: hansı isə məqamları unutmaq (məsələn, sənədlərə lazımı qeydlər edilibmi, planlaşdırılmış suallar verilibmi, bəs hansı cavab alınmışdı), hər hansı bir hərəkət verici fəaliyyətlərin həyata keçirilməsində nöqsanla, sıradan çıxmalar və s. Adətən bu ilkin simptomlara çox az adam diqqət yetirir, bir birinə hətta deyir: «huşsuz, yaddaşı quş yaddaşdır elə bil», «skleroz olub getmişəm». Fəaliyyət xarakterindən, iş yükünün böyüklüyündən və mütəxəssisin şəxsi xüsusiyyətlərindən asılı olaraq, ilk mərhələ üç-beş il çəkə  bilər.

2.  İkinci mərhələdə işə marağın azalması, ünsiyyətə olan tələbatın aşağı düşməsi (həmçinin də evdə və ya dostlar ilə müşahidə olunur: fəaliyyət istiqaməti üzrə mütəxəssis ünsiyyətdə olmalı olduğu adamları (müştərilər, həmkarlar, rəhbərlər) «görmək istəmir», dördüncü gün özünü elə hiss edir ki, sanki artıq beşinci gündür, bu həftə heç bitmək bilmir kimi fikirlər gəlir, insanda həftə sonuna qarşı apatiya, acıq hissləri yaranmağa başlayır, davamlı somatik simptomların yaranması (güc, enerji yoxluğu, xüsusən də həftə sonuna yaxın, axşam tərəfi baş ağrıları, «ölü yuxu, heç bir yuxu görmədən», xəstəliklərə meyliyin artması, normadan yüksək qıcıqlanma, həssaslıq. Bu mərhələnin davamiyyət müddəti-orta hesabla beş ildən 15 ilə qədər çəkə bilər.

3.    Üçüncü mərhələ- tam şəxsi yanma. Bu mərhələ nəinki işə, həm də bütünlüklə həyata qarşı bütünlüklə marağın azalması ilə xarakterikdir. Insan emosional etinasızlıq, kütləşmə, daima gücsüzlük hiss edir.  Özünü təcrid etməyə, tənhalığa can atır. Bu mərhələdə heyvanlar və canlı təbiət ilə ünsiyyətdə olmaq, ona daha rahat və xoş gəlir, nəinki insanlar ilə. Bu mərhələ on ildən iyirmi ilə qədər davam edə bilər

Emosional tükənmə sindromunun fazaları

1. Faza «gərginləşmə». Əsəbi gərginlik (narahatlıq) emosional tükənmənin başlamasından xəbər verən və onun  yaranma prosesini işə salan bir mexanizmdir.

•    «Psixoloji sarsıntı şəraitinin yaşanması» simptomu. Bu zaman insan elə dərk edir ki, onun  peşəkar fəaliyyət faktorları ona yüksək psixi sarsıntı, travma yetirir, bu cür düşünmə getdikcə güclənir və onun qarşısını almaq ya çox çətin, ya da qeyri mümkün olur. Peşəsi ilə bağlı qıcıqlanma getdikcə artır. Situasiyanın həll olunmazlığı isə digər yanma təzahürlərinin ortaya çıxmasına rəvac verir.
•    «Özündən məmnun olmamaq» simptomu. Yaşanmış uğursuzluqlara görə ya da psixi-sarsıntı şəraitinə təsir edə bilmədiyinə görə insan adətən özündən narazılıq hiss etməyə başlayır. O, həm özündən, həm peşə seçimindən, tutduğu vəzifədən, gördüyü işdən, konkret öhdəliklərdən narazılıq hiss edir. Emosional yerdəyişmə mexanizmi işə düşür- energetika təkcə xaricə deyil, həm də insanın içinə yönəlməyə başlayır. Yanmanın ilk mərhələsində insanlar gərginlik göstərməyə başlayır, sonradan isə özünümüdafiəyə keçirlər, yəni psixoloji müdafiə simptomu yaşanır.
•    «Qəfəsə sıxılmaq» simptomu.  Psixi-sarsıdıcı şərait həddindən çox təzyiq göstərəndə və onları aradan qaldırmaq mümkün olmadıqda, biz adətən elə hiss yaşayırıq ki, sanki çıxılmaz vəziyyətə düşmüşük. Biz nəyisə dəyişməyə çalışır, dəfələrlə öz işimizin bizi razı salmayan tərəflərini, xoşa gəlməz aspektlərini düşünüb-daşınırıq. Psixi enerjinin bir yerdə cəmlənməsi təhlükəli həddə çatır. əgər o çıxış yolu tapa bilmirsə, onda insan özünün «sanki, küncə, qəfəsə sıxılmış» kimi hiss edir. Bu vəziyyət «intellektual-emosional dalan, tıxac» halı hesab olunur.

2. Faza «tükənmə». Ümumi enerji tonusunun xeyli miqdarda  aşağı düşməsi və əsəb sisteminin zəifləməsi ilə xarakterizə olunur.   Yanma formasında  emosional müdafiə şəxsiyyətin ayrılmaz bir atributuna çevrilir.
•    «Emosional defisit»  simptomu. Peşəkara belə bir hiss gəlir ki, o artıq emosional baxımdan öz fəaliyyət subyektlərinə kömək edə bilməyəcək.  O, özünü onların yerinə qoymaq, onların dərdinə həm şərik olmaq, mərhəmət göstərmək, onlar ilə bilikdə narahat olmaq, situasiyaya reaksiya vermək, insanı silkələməli, onun intellektini sınağa çəkən, iradəsini toplayıb, cəsarətli davranmağa sövq edən situasiyalara cavab vermək iqtidarında deyil. Kəskinlik, kobudluq, qıcıqlanma, küskünlük, şıltaqlıq «emosional defisit» simptomunu tamamlayır.
•    «Emosional kənarlaşdırma» simptomu.  Insan peşəkar fəaliyyət sferasından öz emosiyalarını tamamı ilə uzaqlaşdırır. Onu demək olar ki, heç nə narahat etmir, demək olar ki, heç nə onda emosional əks-səda, haray doğurmur –nə pozitiv, nə də neqativ vəziyyət. O tədricən robot, cansız avtomat kimi işləməyi öyrənir. Digər sferalarda isə yarımcanlı varlıq kimi həyat tərzi sürür. Heç bir emosiya və hiss olmadan yaşamaq emosional tükənmənin ən gözə çarpan və parlaq simptomudur.
•    «Psixi-somatik və psixi-vegetativ pozulmalar» simptomu. Psixi və fiziki sağlamlıqda özünü göstərir. Peşəkar fəaliyyət ilə bağlı bir sıra amillər insanın psixi və somatik durumuna mənfi təsir göstərir. Bəzən hətta onlar haqqında fikirləşmək və ya onlar ilə istənilən əlaqə insanın əhval-ruhiyyəsini pozur, pis assosiasiyalara, yuxusuzluğa, qorxu hissinə, ürək tərəfdə xoşa gəlməz ağrılara səbəb olur, oynaqlarda reaksiyalar və kəskin xroniki xəstəliklər ilə nəticələnir. Bu onu sübut edir ki, emosional müdafiə (tükənmə) artıq bu yükün ağırlığının altından çıxa bilmir və emosiyaların enerjisi digər alt sistemlər arasında paylanır.

Profilaktika və müalicə

Istənilən bir xəstəlik kimi, yanma sindromundan da vaxtında xəbər tutmaq və onu səmərəli şəkildə müalicə etmək mümkündür.

Yanmanın qarşısını almaq üçün ilk addım –məsələni özünlə aydınlaşdırmaqdı: təkcə öz hədəflərini müəyyən etməklə kifayətlənmək olmaz, siz öz gələcək obrazını təsəvvür etməli və indi etdiklərinizin mənası nədir-sualına cavab verməlisiniz.

Bu situasiyanın axırıma çıxmağın ən geniş yayılmış üsulu –ondan daha yüksəyə qalxmağa cəhd etmək, öz baxış bucağını dəyişdirmək, öz vəziyyətinə və öz işinə qlobal nöqteyi-nəzərdən yanaşmaq, daha açıq gözlərlə baxmaqdır.
Digər üsul isə hazırkı iş yeri ilə sıx əlaqədar, qonşu bir sahəyə keçməkdir, onda keçmiş biliklər, bacarıqlar və səriştələr  özünə yeni tətbiq sahəsi tapır. Insan bir növ özünə horizontal (üfüqi istiqamətli) karyera qurmuş olur.
Üçüncü üsul, vəzifələrin icrasını dayandırmadan, bu əməkdaşları daha qlobal hədəflərə nail olmaq alətinə çevirməkdir.

Dördüncü üsul ondan ibarətdir ki, insan eyni situasiyada qalmaqda davam edərək, öz gücünü yenə də əvvəlki kimi ona yaxşı bəlli olan, yaxşı mənimsədiyi tapşırıqlara deyil, yeni məsələlərə, həll yolu ona məlum olmayan tapşırıqlara, onun uçub problem hesab olunan məsələlərə yönəltsin.  Onda köhnə peşədə yeni anlam kəsb etməyə başlayır, onun özünü inkişaf üçün bir alətə çevrilməsi isə peşəkar yanmaya qarşı bir profilaktika tədbiri rolunu oynayır.

Peşəkar yanmadan müalicənin tam universal resepti olmasa da, bu problem məqsəd yönlü şəkildə onunla məşğul olduqda həll oluna bilər. Hər bir kəs gərək müəyyən dövrdən bir dayansın və ətrafına nəzər gəzdirsin. Bir az tənhalığa çəkilib kim olduğunu, haradan gəlib, hara getdiyini, kim ilə həmyoldaş olduğunu, hansı sürətlə və ən vacibi nəyə görə -hansı məqsədlə hərəkət etdiyini fikirləşsin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər