Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki kimya sənayesi üzrə fəaliyyətdə olan törəmə şirkəti “Petkim Petrokimya Holdinq A.Ş”nin 2021-ci ildə gəlirlərini kəskin artırıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, hesabat ilində 5 milyard 639 milyon manat ekvivalentində gəlir əldə edib. Bu da illik müqayisədə 91% artımdır. Satışın maya dəyəri isə 4 milyard 385 milyon manat olub ki, bu da öncəki ildən 75% artımdır.
Beləliklə, “Petkim” 2021-ci ildə 935 milyon manat ekvivalentində xalis mənfəətlə ili başa vurub. Öncəki ildə 205 milyon manat ekvivalentində xalis mənfəət əldə etmişdi.
3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən “Petkim” fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb.
Daha sonra qurumun digər müəssisələri də işə salınmışdır. “Petkim”in ən müasir texnologiyalarla təchiz edilmiş və optimal istehsal güclərinə malik ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa bölgəsində fəaliyyətə başlamışdır.
30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Petrokimya Holdinq” A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş.” tərəfindən əldə edilmişdir. Hazırda “Petkim”in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sanayesini xammalla təchiz edən “Petkim”in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.