Xəbər verdiyimiz kimi, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.
Bu barədə Banker.az-a “Azərkosmos” ASC-dən məlumat daxil olub.
Məlumata görə, peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.
“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Bildirək ki, 1964-cü ildə təsis olunmuş “Intelsat” dünyada peyk rabitəsi sahəsində ən böyük beynəlxalq təşkilatdır və hal-hazırda dünyanın yüz səksənə yaxın ölkəsini peyk rabitəsi xidmətləri ilə təmin edir. Təxminən 143 ölkə bu təşkilatın üzvüdür. Ümumi kosmik seqmenti geostasionar orbitada yerləşən və sutka ərzində fəaliyyət göstərən 17 peyk vasitəsilə 120.000 telefon kanalından ibarətdir. Peyklər geostasionar orbitanın 3 əsas zonasında Atlantik, Sakit və Hind okeanı üzərində yerləşir.
Ümumilikdə dəyəri 190 mln ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.