KİV-in mənfi informasiyaları stress vəziyyətlərə qarşı həssaslığı artırır və qadınların yaddaşına daha yaxşı həkk olunur, kişilər isə cari informasiyanı çox da kəskin qəbul etmirlər, Monreal universiteti bu haqda informasiya verir.
“Demək olar ki, xəbərlərdə çatdırılan neqativ informasiya axınından yayınmaq olmur… biz əslində onu tədqiq etməyə çalışırdıq ki, bu xəbərlər insanları nə qədər narahat edir və sonda çox gözlənilməz nəticələr əldə etdik: “pis” xəbərlər stress yaratmır, amma stressə davamlılığı azaldır , bu qadınlarda daha çox hiss olunur”, – tədqiqatın müəllifi, Monreal universitetinin əməkdaşı Mari-Frans Maren bəyan edib.
Tədqiqatçılar ikisi “qadın” və ikisi “kişi” olmaqla dörd qrupa bölünmüş, 60 könüllü arasında eksperiment həyata keçirmişdi. Onlara müxtəlif xarakterli xəbərlər oxumaq tapşırılmışdır (“neytral” – yeni parkın açılışı, yeni filmin premyerası və “pis” – ölüm və qəzalar haqqında). Oxuma zamanı alimlər hər bir iştirakçının tüpürcəyindən nümunə götürüblər və operativ olaraq, tərkibi stress halları zamanı artan kortizolanın səviyyəsini ölçüblər.
“Özlüyündə bəd xəbərlər eksperiment iştirakçılarının heç birində stress halı yaratmamışdır. Lakin qadınların reaksiyası baş verən stress vəziyyəti zamanı daha kəskin olmuşdur, sanki neqativ xəbərlər onların “başını döndürmüş” və biokimyəvi proseslərin daha aktiv getməsinə səbəb olmuşdur”, – Maren aydınlaşdırdı.
Xəbərlərin oxunmasından sonra bütün könüllülərə test, yaddaş və diqqətin, eləcə də beyin aktivliyinin yoxlanılması ilə bağlı tapşırıqlar təqdim olunmuşdu. Növbəti gün bütün iştirakçılar nəticələrin müzakirəsi üçün çağırılmışdılar.
Marenin sözlərinə görə, qadınlar neqativ xəbərlərin detallarını, kişilərə nisbətən daha yaxşı yadda saxlayırlar.
Alimlər belə ehtimal edirlər ki, bu fərq təkamül nəticəsində yaranmışdır. Onlar tərəfindən olan fərziyyəyə görə, insan ölümü ilə bağlı xəbərlər qadınlarda şüuraltı olaraq, öz nəslinin məhv olması təəssüratını yaradır və onlarda sağ qalmış nəslin nümayəndələrini qorumağa və nəsil artırmağa sövq edən hormonal mexanizmi işə salır.