Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.
Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən “Banker.az”a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verib.
Fransanın səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.
Polad Bülbüloğlu həmçinin bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.
Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirərək, ölkəmizin 50 siyasi partiyasının imzaladığı bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla, Azərbaycanın bütün siyasi qüvvələri birləşərək, Fransa prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.
Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.