Almaniyanın idman və lüks avtomobil istehsalçısı Porsche-nin baş direktoru Mixael Layters 2035-ci ilədək şirkətdə ümumilikdə 5–6 min iş yerinin ixtisarını planlaşdırır. Bu barədə Bild qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bununla yanaşı əmək məhsuldarlığının təxminən 15% artırılması hədəflənir. Həmçinin istehsalat təcrübəçiləri üçün yerlərin sayı iki dəfədən çox azaldılacaq. Bild qeyd edir ki, qənaət proqramı qalan əməkdaşlara da təsir edəcək. Xüsusi bonus ödənişləri yalnız satışların rentabelliyi 4%-i keçəcəyi halda veriləcək.
İllik həvəsləndirici mükafatın məbləği maksimum 1,5 min avro ilə məhdudlaşdırılacaq. Bundan əlavə, 13-cü maaşın həcmi də azaldılacaq. Qəzetin məlumatına görə, Layters şirkətdə bütün səviyyələrdə ştatın ixtisarını həyata keçirməyi, model modifikasiyalarının sayını azaltmağı və Porsche-ni uzunmüddətli mənfəətliliyə qaytarmağı hədəfləyir.
Şirkətin proqnozuna əsasən, 2026-cı ildə əməliyyat satış rentabelliyi cəmi 5,5–7,5% olacaq ki, bu da Porsche-nin əvvəlki hədəflərindən xeyli aşağıdır. Bununla belə, 2035-ci ilin sonunadək uzadılmış məşğulluq zəmanəti konsernin daxili strukturunu əhəmiyyətli dərəcədə dəyişdirir.
Porsche son illərdə Almaniyanın digər avtomobil istehsalçıları kimi ciddi çətinliklərlə üzləşib. Əvvəlcə bu problemlər COVID-19 pandemiyası ilə bağlı idi, 2022-ci ildən etibarən isə enerji daşıyıcılarının qiymətlərinin kəskin artması və Çin elektromobil istehsalçılarının güclənən rəqabəti vəziyyəti daha da mürəkkəbləşdirib.
İyulun 6-da Handelsblatt qəzeti Porsche-nin yaxın illərdə 8 minədək iş yerini ixtisar edə biləcəyini yazmışdı.






