Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Həmin suallardan biri də Fransa ilə bağlı olub.
Jurnalist Tofiq Abbasov: Cənab Prezident, bir qədər əvvəl Siz buyurdunuz ki, biz Ermənistanla məsələni həll etmişik. Belə bir təəssürat oyanır ki, həqiqətən Ermənistan öz taleyi ilə barışıb, lakin onu yoldan çıxaranlar var, biz bunu bilirik və adı ilə çağırsaq Fransa. Fransa bu prosesdə, bu mənfur işdə, bu xoşagəlməz prosesdə sanki bütün imkanlarını çalışır istifadə etsin ki, Ermənistanı inandırsın: məsələ bitməyib, siz gərək ayaq üstə durasınız və düşmənə qarşı, – yəni, bizi nəzərdə tutaraq. Biz görürük ki, onlar BMT səviyyəsində, BMT Təhlükəsizlik Şurası səviyyəsində iflasa uğradılar. Çünki çalışdılar anti-Azərbaycan qətnaməsini qəbul etdirsinlər, ancaq bir şey alınmadı. Digər tərəfdən, Frankofoniya klubunu çalışdılar Azərbaycanın üzərinə qaldırsınlar, halbuki bu, humanitar təşkilatdır, siyasiləşdirmək istədilər və Makron bir daha, necə deyərlər, iflasa uğradı. Nəhayət, açıq-aşkar onların bizə həm mətbuatlarında, həm siyasi dairələrində təpkiləri və hücum mövqeyi.
Cənab Prezident, burada belə bir məqam var. Deyirlər ki, guya Fransanın Senatı və Milli Assambleyası anti-Azərbaycan mövqeyindən çəkinməyəcək, ancaq Fransanın hökuməti bu prosesdə bizimlə münasibətlərini dəyərləndirir və çox fəallıq göstərmir. Siz bu fikirlə razısınız, yoxsa yox? Nəhayət, Fransanı nədir bu yola sövq edən?
Prezident İlham Əliyev: Burada bir neçə səbəb ola bilər. Birincisi, yəqin ki, bizim qalib olmağımız, müharibədə qalib gəlməyimiz orada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, – halbuki artıq uzun illərdir danışıqlar zamanı biz bunu görürdük, – Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Yəni, nə sülh, nə hərb, məsələ dondurulmuş vəziyyətdə qalsın və de-fakto ermənilər orada yaşasınlar. Vaxt gələcək, nəsillər dəyişəcək, azərbaycanlılar unudacaq və o cümlədən bu insanlar arasındakı təmaslar, Ermənistanla əməkdaşlıq meyillərinin gücləndirilməsi tezisləri də ortalığa atılırdı ki, bəli, biz barışaq, biz dost olaq, o, qalsın kənarda. Yəni, biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.
İkinci səbəb istisna etmirəm ki, Fransanın hökumət nümayəndələri ilə bağlıdır. Çünki birincisi, biz yada salmalıyıq, Fransa Minsk qrupunun həmsədri necə oldu. Mən bunu çox yaxşı bilirəm, çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi, dəfələrlə etiraz edirdi. Sonralar hətta Jak Şirak mənə dəfələrlə bu əhvalatı danışırdı, atama da böyük hörmətlə yanaşırdı və bildirirdi, Heydər Əliyev mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, mən Fransanın orada həmsədr olmasına qarşıyam, çünki sizdə ermənilər çox böyük təsirə malikdirlər və sizin siyasətinizə təsir edəcəklər. Şirak isə mənə deyirdi, onu inandırırdım ki, biz həmişə neytral olacağıq, ancaq ondan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da elə idi. Onların neytral olması doğrudan da təbii idi, yoxsa, ona görə neytral idilər ki, məsələ öz həllini tapmırdı, onu mən deyə bilmərəm.
Amma onu deməliyəm ki, Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Hətta bir epizodu da mən yadınıza salmaq istəyirəm, – bəlkə də bunu bir çoxları diqqətdən qaçırıb, – 2015-ci il aprelin 24-də Prezident Fransua Olland Ermənistana getmişdi. Cəmi dörd lider getmişdi o gün Ermənistana. O, Ermənistanın növbəti iflası idi və tarixi saxtakarlığının iflası idi. Amma oraya getmişdi, mən isə getmişdim Çanaqqalaya. Prezident Olland axşam Ermənistandan Bakıya gəldi, hətta məndən tez. Bizim tədbir bir az çox çəkdi. Mən gəldim, artıq Prezident Olland Bakıda idi və səhərisi – aprelin 25-də biz onunla görüşdük. Yəni, bu, nəyi göstərir? Bu, siyasət adamının hərəkətini göstərir. Onu göstərir ki, Fransa həmsədrdir, bu vəzifəyə, bizə hörmətlə yanaşır və bu balansı saxlamaq üçün gəldi. Mən bunu çox yüksək qiymətləndirirəm, çox yüksək. Amma sonra bu balans pozuldu. Hətta müharibəyə qədər bu balans pozuldu. Yəni, balans pozula bilər, o zaman siz həmsədrlikdən çıxın. Yəni, mən ovaxtkı dövrü deyirəm. Çıxın, yəni, bir yerdə olun, bir-birinizə qohum-əqrəba deyin. Mən etiraz etmirəm, amma çıxın buradan, siz vasitəçi ola bilməzsiniz. Amma onlar həm vasitəçi olmaq istəyirdilər, – bəlkə indi də olmaq istəyirlər, – həm də ki, necə deyərlər, istiqanlı münasibətləri də gücləndirirlər.
Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərlərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdi, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişlər. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox.
Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı. Siz də qeyd etdiyiniz kimi, Frankofoniya, ondan sonra Praqa görüşü. Praqa görüşü faktiki olaraq Brüssel formatının davamı idi. Çünki bu formatı Şarl Mişel – Avropa İttifaqı Şurasının sədri, necə deyərlər, ortaya qoymuşdur və bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada, – tamamilə haqlısınız, – uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər. Dörd ölkə faktiki olaraq onların bu oyunlarını pozdu. Sual yaranır nə üçün? Bunu mən başa düşə bilmirəm. Yəni, bizə qarşı bu qədər qeyri-adekvat münasibətin mənbəyi nədir, mən başa düşə bilmirəm, heç bu haqda fikirləşmək də istəmirəm. Yenə də deyirəm, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur. Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq.