-3 C
Baku
Sunday, December 15, 2024

Prezident azərbaycanlı milyarderi təltif edib, ona məktub yazdı

Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu doğum günü münasibəti ilə təbrik etməklə yanaşı onu ordenlə təltif edib.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin”- deyə 31 avqust 2020-ci il tarixli sərəcamda deyilir.

Bununla belə ona yazdığı məktubda deyilir,

“Hörmətli Vahid Yusuf oğlu,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.

Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin (Bakıxanov) qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.

 

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. “Şərəf nişanı” və Dostluq ordenləri, “Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə” medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.

 

Son xəbərlər
Digər xəbərlər