10 C
Baku
Wednesday, December 11, 2024

Prezident BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.

Banker.az xəbər verir ki, Axim Ştayner COP29-un ölkəmizdə keçirilməsi və Azərbaycanın sədrliyi münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, BMT-nin İnkişaf Proqramı COP29-un keçirilməsi istiqamətində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında Azərbaycanla UNDP arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğun olaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsində BMT-nin İnkişaf Proqramının sıx əməkdaşlığa hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası haqqında məlumat verdi, yaşıl keçidin ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin bərpaolunan və yaşıl enerji potensialının 200 qiqavatdan artıq olduğunu və yaxın müddətdə Azərbaycanın 5 meqavat gücündə bərpaolunan enerji resursu istehsal etmək imkanı olacağını dedi. Bu xüsusda Azərbaycanın Xəzər dənizini və Qara dənizi birləşdirən bərpaolunan yaşıl enerji dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyini və bu istiqamətdə region ölkələri ilə birgə əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyini bildirdi.

Prezident İlham Əliyev ölkəmizin xarici investorların cəlb edilməsi, təbii resursların hasilatı, ondan əldə olunan gəlirlərin səmərəli istifadəsi və inkişafa xidmət etməsi istiqamətində təcrübəyə malik olduğunu vurğuladı.

Qonaq Azərbaycanın inkişaf təcrübəsinin dünyanın digər ölkələri üçün də maraqlı ola biləcəyini qeyd etdi.

Axim Ştayner vurğuladı ki, Azərbaycanın yaşıl keçid transformasiyası COP29-a ev sahibliyi etməsi konsepsiyası ilə tam uyğunluq təşkil edir və ölkəmizin nümunəsi beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Prezident İlham Əliyev Axim Ştayneri COP29 konfransına dəvət etdi.

Qonaq dəvəti minnətdarlıqla qəbul etdi.

Görüşdə Azərbaycanın inkişaf proqramının regional nəqliyyat dəhlizini və Orta Dəhlizi, kənd təsərrüfatını, turizmin inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, su resurslarının səmərəli idarə olunmasını və digər sahələri əhatə etdiyi bildirildi.

Söhbət zamanı ərazilərin minalardan təmizlənməsində Azərbaycan ilə UNDP arasında əməkdaşlığın dərinləşdirilməsinin önəminə toxunuldu, bu sahədə UNDP ilə birgə Bakıda illik əsasda keçirilən konfransın vacibliyi vurğulandı. Azərbaycanın hazırda UNDP ilə birlikdə qlobal humanitar minatəmizləmə üzrə regional təlim mərkəzi kimi rolunun inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıldı.

Qonaq qeyd etdi ki, UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Ərazilərimizin işğaldan azad olunmasından indiyədək ermənilərin basdırdıqları minaların partlaması nəticəsində 350-dən çox vətəndaşımızın həlak olduğu və yaralandığı bildirildi.

Axim Ştayner XI Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunaraq, bu tədbir çərçivəsində aparılan müzakirələrin vacibliyini vurğuladı.

Son xəbərlər
Digər xəbərlər