Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
Qanuna əsasən, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcək.
Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.