9 C
Baku
Friday, December 13, 2024

Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi qanuna veto qoyub

Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu prezident İlham Əliyev yenidən parlamentə qaytarıb.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı parlamentin sentyabrın 30-da keçiriləcək iclasında “2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə” qərar layihəsi müzakirəyə çıxarılacaq.

Layihədə qeyd edilən tarixdə məlum qanununa prezidentin etirazının səbəbi belə izah olunur: “Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.

Qeyd olunanlarla yanaşı qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.

Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılır”.

APA

Son xəbərlər
Digər xəbərlər