Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, N.Əmirov bu təyinata qədər vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olub.
N.Əmirov 1967-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləyib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.