14 C
Baku
Sunday, November 24, 2024

Prezident İpoteka ilə bağlı yeni fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb. 

Sənədlə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları – Azərbaycan Respublikasının Prezidenti (Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi), Nazirlər Kabineti (bu fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli) həyata keçirirlər.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilib.

Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılıb və 2017-ci il yanvarın 1-dən tətbiq edilib.

“Elektron ipoteka” sistemi aşağıdakıları – ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını, ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini, ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini, ipoteka kreditinin alınması üçün tələb olunan və bu fərmanda nəzərdə tutulmuş məlumatların alınmasını, ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını və ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını təmin etməlidir:

“Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etməli, ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etməli (ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar, ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar, ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar və ünvan reyestrinin məlumatları) və “Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə kömək göstərməlidir.

Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına “Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etmək tapşırılıb.

Nazirlər Kabineti “Elektron ipoteka” sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq, Cəmiyyətin Müşahidə Şurasının üzvlərini on gün müddətində təyin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımdəndinə uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etməli, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1-3.3-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun verilməsinin qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133) aşağıdakı dəyişikliklər edilib:

3.5-ci bənd aşağıdakı redaksiyada verilib:

“3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir;”;

4.5-ci və 4.6-cı bəndlər ləğv edilib.

Cəmiyyət ipoteka kreditləşməsi üçün zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

“Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 805, № 10, maddə 910; 2007, № 6, maddə 606; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610), “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə 8; 2014, № 12, maddə 1583) və “Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 8, № 5, maddə 457, № 6, maddə 608; 2010, № 2, maddə 80; 2012, № 9, maddə 859; 2013, № 2, maddə 105) ləğv edilib.

Report

Son xəbərlər
Digər xəbərlər