“Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?”
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabr ayının 18-də Naxçıvan Muxtar (MR) Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən soruşub.
“Deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək” – deyə, Vasif Talıbov Prezidentin sualına cavabında deyib.
Prezident İlham Əliyev: “Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.”