10 C
Baku
Thursday, December 12, 2024

Prezident Qubada ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun təməli 2017-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib.

Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdın Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.

Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Taarif Şurası tərəfindən gediş taarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır.

Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu magistral yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. O da bildirilib ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Dövlət başçısı ödəmə sistemi haqqında videoçarxa baxdı.

Bildirilib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki, son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.

Bu yolun istifadəyə verilməsi, həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.

Son xəbərlər
Digər xəbərlər