Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Sərəncamda Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.
Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib.
Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib.
Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edib. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır.
Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.