5 C
Baku
Saturday, December 14, 2024

Prezident yeni Dövlət Mərkəzinin yaradılması ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki: Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir;

Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

1. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

2. Mərkəzin yenidən təşkili və ləğvi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

3.3. Agentliyə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etsin;

4.2. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentlik:

5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Son xəbərlər
Digər xəbərlər