Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərlə bağlı “Qafqazinfo”ya müsahibə verib.
Banker.az həmin müsahibəni təqdim edir:
– Prezident çıxışında iqtidarda olan bəzi şəxslərin aparılan islahatlara qarşı olduğunu vurğuladı. Məsələni konkretləşdirsək, söhbət hansı sahələrin təmsilçilərindən gedir?
– Əvvəlcə bildirim ki, cənab prezident iqtisadiyyatla bağlı geniş müşavirə keçirdi. Azərbaycanın bu illər ərzində apardığı iqtisadi siyasətin nəticəsi olaraq xeyli işlər görülüb.
Xeyli irəliləyişlər var. Təkcə 1 il ərzində Azərbaycanda sosial sahədə aparılan islahatlar əhalinin maddi vəziyyətini yaxşılaşdırdı, o cümlədən, iqtisadiyyatda cəsarətli addımlar atıldı.
Nəticədə “Davos” iqtisadi Forumunda aparılan təhlillərə görə Azərbaycan iqtisadiyyatının gün-gündən irəli gedilməsi vurğulanıb.
Eyni zamanda, prezident ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda da dövlət strukturlarında həyata keçirilən islahatlardan danışdı. İslahatların nəticəsi olaraq da müxtəlif sahələrin inkişafı ilə bağlı adlar çəkdi.
O cümlədən, təkcə büdcəyə 1 il ərzində 700 milyon manatın daxil olmasını göstərdi. Lakin bu imkanlardan səmərəli istifadə olunmadığı probleminə də toxundu.
Bəzi adamların bu məsələlərə maneçilik törətməsinə də öz fikrini bildirdi.
– Sizin də bir müddət əvvəl sabiq nazirlər haqqında sərt çıxışınız var idi. Prezident də çıxışında iki sabiq nazirin fəaliyyətinə toxunaraq onları tənqid etdi.
– Bəli, bu məsələ ilə bağlı mənim də bir çıxışım olmuşdu.
Hətta burada daxildə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata keçirdiyi islahatlarla bağlı qarayaxma kampaniyası aparırlar.
Özünü qaçqın kimi təqdim etməyə çalışan, heç bir siyasi partiyanı təmsil etməyən şəxslər erməni lobbisi tərəfindən maliyyələşir.
Eyni zamanda, daxildən onlara dəstək verən qüvvələr hansı sahədə ciddi uğurlar varsa, o sahənin tənqidinə, həmin şəxslərin ləkələnməsinə, ailə üzvlərinin şantaj olunmasına, söyülməsi kimi hallarına biz tez-tez “yutub” kanalında rast gəlirik.
Qeyd olundu ki, bunlar hamısı qeyri-obyektivdir. Bu Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır.
Təbii ki hər hansı bir sahəni tənqid etmək olar. Ancaq biz görürük ki, harda iş getmirsə, o sahəyə toxunulmur.
Harada iş yaxşı gedirsə, orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük.
Öyrədilmiş adamlar ortaya çıxdı. Heç biri Qarabağ əlili olmaya-olmaya Qarabağ əlillərinin adından istifadə edildi. O cümlədən, cənab prezidentin dediyi kimi digər sahələrdə də belə neqativ hallar var.
Ona görə də cənab Prezident ciddi xəbərdarlıq etdi. Hər bir şəxs bilməlidir ki, bu cür əməllərlə məşğul olmasın.
Bununla bərabər, hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır. Əfsuslar olsun ki, bu günə qədər bir çoxları hələ də aparılan islahatlara münasibətlərini bildirməyib. Onlar fikir bildirməklə göstərməlidir ki, qarayaxma kampaniyasında heç bir fəaliyyətləri yoxdur.
– Hələ də deyirsiniz ki, mövqelərini ortaya qoymayıblar. Bəlkə artıq konkretləşdirib kimləri nəzərdə tutduğunuzu açıqlayasınız …
– Açıqlamağa həmişə imkanlar var. Ona görə də hər bir şəxs özünə konkret olaraq nümunə götürməlidir və ortaya çıxıb mövqeyini deməlidir.
– Bəs, hazırda iqtidarda olan bəzi şəxslərin islahata mane olmasında məqsədləri nədir?
– Prezident ümumi qaydada məsələlərə toxundu və onlara xəbərdarlıq etdi. Onlardan eləsi var ki, bu gün də vəzifədədir.
Lakin dövlətin apardığı işə əngəl törədir. Eləsi var ki, bu gün işləmədiyindən yox, potensialının olmamasından aparılan aktiv siyasətə çata bilmədiyindən bir əngələ çevrilibdir.
O insanlar da başa düşməlidir ki, özü istefa ərizəsini yazıb verməlidir.
Kənara çəkilməlidir ki, dövlətimiz inkişaf etsin. Bu gün ictimai-siyasi, iqtisadi, sosial islahatlara cavab verməyən şəxs özü bunu dərk etməlidir. Gözləməməlidir ki, onun haqqında hər hansı bir qərar qəbul olunsun.
Dünyada da formalaşmış bir istefa mədəniyyəti var. Əgər şəxs görürsə ki, öz əməli fəaliyyətiylə dövlətinə, xalqına, Prezidentinə hər hansı bir xeyir verə bilmirsə, o, kənara çəkilməlidir.
Əgər dövlətini, xalqını, vətənini sevirsə … Yoxsa başqa şeyləri sevirsə, təbii ki, burada problemlər ortaya çıxacaq.
– Ümumiyyətlə, oktyabr ayı hökumətin tarixində həmişə ciddi kadr islahatlarının aparıldığı ay kimi xatırlanır. Bu dəfəki iradların fonunda, biz bu ay da hansısa kadr dəyişikliklərinin şahidi ola bilərikmi?
– Kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı.
Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir.
Cənab prezident bunu yaradıb və bildirir ki, digərləri də bu məsələlərə əməl etsinlər. Bu məsələlərdə vətəndaşların da rolu böyük olmalıdır.
Əgər kim hardasa bir nöqsan görürsə, sosial şəbəkələr vasitəsilə həmin nöqsanları aidiyyatı strukturlara çatdırmaq imkanı var. Hər bir nazirliyin “Qaynar Xətti” də var.
Ola bilsin ki, hansısa məsələdə insanların haqları tapdalanır. Onların qanuni haqqının əleyhinə iş aparılır. Bu məsələ də qaldırılır və araşdırılaraq həlli tapılır.
– Prezident çıxışında şişirdilmiş büdcə rəqəmlərindən də danışdı. Bizim hökuməti də əksərən bu məsələdə tənqid edirlər, korrupsiya faktlarını önə çəkirlər. Bundan sonra nə kimi dəyişikliklər gözləyə bilərik?
– Bu məsələylə bağlı yeni Baş Nazir, Maliyyə Nazirliyi, hüquq-mühafizə orqanları, o cümlədən Milli Məclis, partiya tərəfindən təmsil olunan deputatlar diqqətli olsunlar.
Əgər harada şişirdilmə varsa, o məsələ qaldırılsın, araşdırılsın. Nəticədə şişirdilmiş, əsası olmayan , havadan götürülmüş rəqəmlər kimi təqdim olunan məsələlər ortaya qoyulsun.
Burada söhbət az vəsait hesabına çox iş görməkdən gedir. Elə sahələr var ki, o vəsaitdən o cür istifadə etməmək də olar.
Daha çox qənaət əldə etmək hesabına iqtisadiyyatın, sosial sahənin digər istiqamətlərini inkişaf etdirmək olar.