İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident Şavkat Mirziyoyevin çıxışı
-Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq.
Hörmətli görüş iştirakçıları, İlham Heydər oğlu ilə keçirilən məhdud tərkibdə, məhdud formatlı bugünkü görüşdə fikrimcə, biz ikitərəfli münasibətlərimizin bütün məsələləri barədə çox əyani, açıq, səmimi söhbət etdik, hətta hansı istiqamətlər üzrə real nəticə olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq. Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir.
Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, 1,5 milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.
Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.
Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.
Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var.
Kənd təsərrüfatında kooperasiyanın gücləndirilməsini çox vacib hesab edirəm. Söhbət ipək istehsalı üzrə klaster yaradılmasından, pambıqçılıq sahəsində layihələrdən, innovasiya araşdırmalarının tətbiqindən gedir. Bizim nazirlər bu günlərdə bütün perspektiv istiqamətlər üzrə yol xəritəsini razılaşdırmalı və vaxt var ikən öz təkliflərini verməlidirlər.
Çoxplanlı əməkdaşlığın genişlənməsində birbaşa regionlararası əlaqələrə mühüm rol ayrılır. Biz razılaşdıq ki, ən yaxın vaxtlarda paytaxtlarımız və iri şəhərlərimiz tərəfdaşlıq münasibətləri quracaqlar. Bu gün baza sazişi imzalanacaq. Bundan əlavə, bu il Daşkənddə regionların birinci forumunu və onların sənaye potensialı sərgisini keçirməyi təklif edirik.
Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq.
Bundan əlavə, bu gün hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində mühüm sənəd qəbul ediləcək. Müdafiə nazirləri artıq bu gün bizim bu sazişlərin reallaşdırılması üzrə birinci dərəcəli addımları müəyyən etməlidirlər.
Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun. Ən başlıcası, biz qarşılıqlı münasibətlərimizin müsbət təcrübəsini qazanaq. Nümayəndə heyətinin bütün üzvlərinə demək istəyirəm ki, indiyə qədər bizim bu cür etimada əsaslanan açıq söhbətimiz olmayıb. Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun – bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq.
İlham Heydər oğlu, Sizi Özbəkistanda bir daha salamlayıram və məmnuniyyətlə sözü Sizə verirəm.