8 C
Baku
Thursday, December 12, 2024

Prezident Səhiyyə Nazirliyi ilə bağlı fərman imzaladı

2006-cı il 25 may tarixli 413 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 27 oktyabr 2023-cü il tarixdə fərman imzalayıb.

Fərmada deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.”.

2. Aşağıdakı məzmunda 7.1-1-ci və 8.1-2-ci yarımbəndlər əlavə edilsin:

“7.1-1. müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin edir;”;

“8.1-2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək;”.

3. 8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.3. səhiyyə sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında iştirak etmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin sənədlərlə bağlı aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;”.

4. Aşağıdakı məzmunda 8.4-1 – 8.4-4-cü yarımbəndlər əlavə edilsin:

“8.4-1. təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək;

8.4-2. səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

8.4-3. tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək;

8.4-4. müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək;”.

5. 8.11-ci yarımbənddə “tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin” sözləri “tədbirləri hazırlamaq və həyata keçirilməsinə nəzarət” sözləri ilə əvəz edilsin.

6. 8.13-cü yarımbəndə birinci halda “tibb” sözündən əvvəl “tibb müəssisələrini tibb təhsilli kadrlarla təmin etmək məqsədilə” sözləri əlavə edilsin və həmin yarımbənddən “, qurumlarını ixtisaslı kadrlarla təmin etmək” sözləri çıxarılsın.

7. 8.13-2-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların” sözləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həkimlərin, əczaçıların və orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)” sözləri ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 8.13-4-cü və 8.13-5-ci yarımbəndlər əlavə edilsin:

“8.13-4. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq;

8.13-5. ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək;”.

9. 8.15-ci yarımbəndə “görmək” sözündən sonra “, o cümlədən tabeliyində olan tibb müəssisələrinin dayanıqlı inkişafı üçün təhlillər aparmaq və təkliflər hazırlamaq” sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmunda 8.15-1-ci yarımbənd əlavə edilsin:

“8.15-1. səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;”.

11. 8.18-ci yarımbəndə “qurumlarında” sözündən əvvəl “Nazirliyin Aparatında,” sözləri əlavə edilsin.

12. Aşağıdakı məzmunda 8.27-1-ci, 8.27-2-ci və 9.1-1-ci yarımbəndlər əlavə edilsin:

“8.27-1. səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək;

8.27-2. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq;”;

“9.1-1. tibbi sığorta ilə bağlı təkliflər vermək;”.

13. 9.5-ci yarımbənddə “dövlət məhkəmə ekspertizası fəaliyyətini” sözləri “məhkəmə-tibbi ekspertizasını” sözləri ilə əvəz edilsin.

14. 9.6-cı yarımbənddən “, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək” sözləri çıxarılsın.

15. 13-cü bəndin birinci abzasında “birinci müavini və dörd” sözləri “üç” sözü ilə əvəz edilsin.

16. Aşağıdakı məzmunda 14.1-1-ci və 14.1-2-ci yarımbəndlər əlavə edilsin:

“14.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

14.1-2. Nazirliyin Aparatının struktur bölmələrinin əsasnamələrinin, tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”.

17. 14.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;”.

18. Aşağıdakı məzmunda 14.3-2-ci, 14.3-3-cü yarımbəndlər və 17-1-ci bənd əlavə edilsin:

“14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

14.3-3. Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edir;”;

“17-1. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.1-2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

17-1.6. Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.”.

19. 19-cu bənd ləğv edilsin.

20. 22-ci bəndin birinci cümləsində üçüncü halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin, həmin cümləyə “Şurası” sözündən sonra “və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2023-cü il

Son xəbərlər
Digər xəbərlər