“Kollekta” ASC 2025-ci ili 2 milyon 908 min manat xalis mənfəətlə yekunlaşdırıb. Bu, 2024-cü ilin nəticəsi (8 401 manat) ilə müqayisədə kəskin artım deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin cəmi gəlirləri 2024-cü ildəki 30 515 manatdan 2025-ci ilin yekununda 7 milyon 698 min manata çatıb. Faiz gəlirləri 20 846 manatdan 6 milyon 962 min manata yüksəlib.
Hesabat dövründə “Kollekta” ASC-nin cəmi aktivləri 260 861 manatdan 9 milyon 660 min manata çataraq 37 dəfə genişlənib. Alınmış problemli kredit portfeli 251 880 manatdan 4 milyon 836 min manata yüksəlib (19.2 dəfə artım).
Hesabat ili ərzində 5 133 411 manat dəyərində yeni problemli kredit portfeli əldə edilmiş, borcların yığılması nəticəsində 7 380 435 manat məbləğində pul vəsaiti daxil olmuş və əməliyyat fəaliyyəti üzrə 853 797 manat məbləğində xalis pul daxilolması formalaşmışdır. Bunun nəticəsində Cəmiyyətin pul vəsaitləri və onların ekvivalentləri 2 348 manatdan 1 060 376 manata yüksəlmişdir.
Xatırladaq ki, Cəmiyyət daxili maliyyə və borc idarəetməsi bazarında fəaliyyət göstərir. Onun əsas fəaliyyət istiqamətlərinə tələb hüququnun əldə edilməsi yolu ilə problemli kredit portfellərinin (debitor borclarının) satın alınması, həmin portfellər üzrə borcların yığılmasının həyata keçirilməsi, eləcə də üçüncü şəxslərə debitor borclarının yığılması üzrə xidmətlərin göstərilməsi daxildir. Bazarın əsas iştirakçıları kommersiya bankları, bank olmayan kredit təşkilatları (BOKT), korporativ şirkətlər və digər maliyyə institutlarıdır.







