7 C
Baku
Sunday, December 15, 2024

Prokuror “Yeni Klinika”nın sabiq direktoruna 10 il həbs cəzası istəyib

“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslər barəsində verilən ittihamların məhkəmədə sübuta yetirildiyini bildirərək “Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq drektoru Pərviz Abbasova 10 il həbs cəzası istəyib.

Dövlət ittihamçısı Pərviz Abbasova cəza təyin edərkən iki azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə almağı xahiş edib.

Prokuror, həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər – “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfovun, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 9 il, “Viola” MMC-nin meneceri Vüsalə Əliyevanın isə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı qeyd edib ki, Vüsalə Əliyeva barəsində olan polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdır.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses noyabrın 17-də davam etdiriləcək.

Xatırladaq ki, Baş prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham verilib.

Son xəbərlər
Digər xəbərlər