Bu dəfə də Sizə kripto dünyasında texnoloji dəyişikliklər barədə bir az məlumat vermək istərdim. Bu əsasən Proof of Work (yeni termin olduğu üçün Azərbaycan dilində düşünürəm ki, Mədənçilik əsaslı Təsdiq kimi tərcüməsi düzgün olar) və Proof of Stake (Saxlanc əsaslı Təsdiq) texnologiyaları və onların fərqli xüsusiyyətləri barəsində məlumatlar olacaqdır.
Əsası Bitcoin tərəfindən qoyulmuş Proof of Work – yəni Mədənçilik əsaslı Təsdiq texnologiyası hal-hazırda Bitcoin özü də daxil olmaqla bir çox kriptovalyutalarda istifadə edilir. Ancaq bu texnologiya
yüksək həcmdə enerji sərfiyyatı və məhdud maştablaşdırma imkanlarının olması ilə öz effektivliyini itirir. Belə ki, hər hansı əməliyyatlar blokunun təsdiqi üçün kripto alqoritminin həlli yolunu tapmaq lazımdır və bu proses çətinlik dərəcəsinin artması ilə əlaqədar günü gündən daha da çox resurs sərfiyyatı tələb edir. Bu da müvafiq olaraq əməliyyatların təsdiqi prosesinin gecikməsinə gətirib çıxarır.
Dünyanın ikinci ən geniş yayılmış kriptovalyutası olan Ethereumun yaradıcısı Vitalik Buterin bu məhdudiyyəti görüb, artıq 2014-cü ildən Casper adı altında kodlaşdırılmış layihəsi ilə, Ethereumun Proof of Stake – yəni Saxlanc əsaslı Təsdiq texnologiyasına keçirilməsi üzərində çalışır. Ethereum platformasının bu il ərzində PoS texnologiyasına keçirilməsi nəzərdə tutulur. Bu gün Ethereum platformasının saniyədə təxminən on beş əməliyyatı təsdiq etmə gücü vardır. Halbu ki, Visa kimi sistemlərdə bu rəqəm bir min beş yüz əməliyyat üzərində olur. Bu baxımdan əməliyyat həcminin artması ilə texnologiyanın artan tələbi qarşılamaq üçün təkmilləşməsinə ehtiyac duyulur.
Saxlanc əsaslı Təsdiq texnologiyası nədir?
Sadə dildə desək bu texnologiyada kriptovalyuta əldə etmək üçün Sizin portkripto balansında minimum müəyyən sayda (adətən 1000 üzərində olur) kriptovaluta olması lazımdır. Bu halda Siz kripto valyutalar üzrə gedən əməliyyatların təsdiqi prosesində iştirak edərək təsdiq edilmiş əməliyyatlardan qazanılmış komissiyanın portkriptonuzda olan vəsait həcmi nisbətində qazanc əldə edirsiniz. Ethereum bu texnologiyanı tətbiq etməyə başladıqdan sonra bir çoxları ETH kriptovalyutasını alıb öz portkriptolarında saxlamqda maraqlı olacaqlar. Yəni bu böyük həcmdə kriptovalyutanın saxlanclara keçməsinə səbəb olacaq ki, bu da öz növbəsində Ethereum kriptovalyutasının qiymətinin kəskin artımına səbəb olacaq. Kriptovalyuta bazarını izləyən oxucular bəlkədə Dash kriptovalyutasının kəskin qiymət artımını müşahidə etmişdir. 2017-ci ilin əvvəlirində 50-60 dollar civarında olan DASH ilin sonlarına doğru 1000 dollar üzərində qiyməti var idi. Bu məhz onların PoS texnologiyasının tətbiqindən sonra baş vermişdir.
Sual yarana bilər ki, saxlancda kripto saxlayan şəxslərin əməliyyatların təsdiqi prosesinə qeyri qanuni müdaxiləsi necə tənzimlənir. Bu sahədə adətən Proof of Stake texnologiyası ilə çalışan kriptovalyutalarda çox ciddi tədbirlər olur. Həmin şəxsin portkriptosunda olan bütün vəsaiti itirməyinə ilə nəticələnən bir cəza sistemi mövcuddur. Ona görə də saxlanc sahibləri doğru təsdiqlərdə maraqlı olurlar.
Ötən aylarda keçiş Ethereum proqramçılarından olan Charles Hoskinson da Cardano kriptovalyutasının yol xəritəsində dəyişiklik olduğunu və onların da 2018-ci ilin ikinci rübündə Saxlanc əsaslı Təsdiq texnologiyasına keçməyə hazırlaşdıqlarını bildirmişdir.
Bazarda bu iki qeyd olunan texnologiyadan başqa, bir də İOTA kriptovalyutasının üzərində çalışdığı Tangle texnologiyası var. Bu texnologiyada əməliyyatlar bir birinə bağlı şəkildə formalaşır və bir əməliyyat digərinin təsdiqində istifadə olunur. Hörgü əsaslı, hörümçək toru kimi formalaşan bu mexanizma komissiyasız köçürmələr etməyə imkan verir və çox perspektivli texnologiyadır. Ancaq onun ideyasını hələ çox təkmilləşdirmə lazımdır.
Bir məqam aydındır ki, biz çox maraqlı texnoloji innovasiyalar dövründə yaşayırıq. Bu dönəm çox həyacanlı və maraqlı bir dönəmdir. Belə ki, bütün bu texnoloji təkmilləşmələr çox ciddi texnoloji yeniliklərin – robot texnologiyalarının, yeni ekosistemlərin yaranmasına gətirib çıxaracaq. Yaşayaq görək!
Müəllif: Sənan Həsənov