ABŞ və Çinin apardığı ticarət müharibəsi bir sıra ekspertləri narahat etməyə başlayıb. ABŞ-ın “JP Morgan” investisiya bankının rəhbəri Yakob Frenkel yerli “CNBC” telekanalına verdiyi açıqlamada dünyanın iki aparıcı iqtisadiyyatının addımlarından narahatlığını ifadə edib: “1931-ci ildə yaşananları xatırlamalıyıq, bir-birinə bu qədər bağlılığın olduğu dünyanda heç kim başqasına zərər verməyi düşünə bilməz. Bu vəziyyət dünya iqtisadiyyatı üçün böyük təhlükədir”.
Xatırladaq ki, ABŞ prezident Donald Tramp ötən gün ölkənin ticarət nümayəndəsinə Çin məhsullarına tətbiq edilən verginin 100 mlrd. ABŞ dollarına qədər artırılması imkanlarını nəzərdən keçirmək tapşırığı verib. “Report”un analitik qrupu hesab edir ki, bu addım iki ölkənin rəsmilərinin aradakı gərginliyi azaltmaq üçün göstərdiyi səylərə ciddi zərbə vurur.
Rəsmi Vaşinqtonun addımları qarşısında rəsmi Pekin çox güman ki, susqunluq nümayiş etdirməyəcək və bu, dünya birjalarında çalxalanmaya səbəb olacaq. Əksər fond birjası indeksləri müsbət və yaxud mənfi yöndə kəskin dinamika nümayiş etdirə, eləcə də əmtəə birjalarında gərginlik yarana, bir sıra məhsulların, o cümlədən Çinin böyük idxalçısı olduğu neftin qiyməti kəskin dəyişə bilər.
Xatırladaq ki, 1993-cü ildən başlayaraq Çin “qara qızıl” idxalını getdikcə artırır və ildə 100 mln. tondan çox xam neft alır. ABŞ-la qarşıdurma bu ölkənin iqtisadi artım tempini zəiflədə, neftə olan tələbatını azalda bilər. Bunun nəticəsini təsəvvür etmək isə çətin deyil.