Proqnoz bazarı platforması “Kalshi” $40 mlrd. dəyərləndirmə ilə investisiya cəlb etmək üçün danışıqlar aparır

Proqnoz bazarı platforması “Kalshi” təxminən 40 milyard dollar dəyərləndirmə ilə yeni investisiya raundu üzrə danışıqlar aparır. Bu barədə məsələdən məlumatlı mənbələrə istinadən “Financial Times”  yazır.

Mənbələrin sözlərinə görə, şirkət yeni maliyyələşdirmə raundunu artıq 2026-cı ilin üçüncü rübündə başa çatdıra bilər. “Kalshi” isə məlumatı şərh etməkdən imtina edib.

Gözlənilən 40 milyard dollarlıq qiymətləndirmə şirkətin 2026-cı ilin mayında investisiya cəlb etdiyi 22 milyard dollarlıq dəyərdən demək olar ki, iki dəfə yüksəkdir. Həmin vaxt “Kalshi” “Coatue Management”, “Sequoia Capital”, “Andreessen Horowitz”, “Morgan Stanley” və digər investorlardan 1 milyard dollar cəlb etdiyini açıqlamışdı. Müqayisə üçün, şirkət 2025-ci ilin oktyabrında 5 milyard, dekabrında isə 11 milyard dollar dəyərləndirilmişdi.

“Kalshi” 2018-ci ildə Tarek MansourLuana Lopes Lara tərəfindən təsis edilib. Onlar Massaçuseç Texnologiya İnstitutunda (MIT) təhsil alarkən tanış olublar. Platforma istifadəçilərə gələcək hadisələrin nəticələri üzrə mərc etməyə imkan verir və proqnoz bazarında ən iri oyunçulardan biri hesab olunur. “Financial Times” qeyd edir ki, “Kalshi” xüsusilə 2024-cü ildə ABŞ prezident seçkiləri ərəfəsində böyük populyarlıq qazanıb.

Nəşrin məlumatına görə, “Kalshi”də edilən mərclərin təxminən 65%-i idman hadisələri ilə bağlıdır. 2026-cı ilin mayında platformada ticarət həcmi 17 milyard dolları ötüb. Bir il əvvəl bu göstərici 5 milyard dollardan az idi.

“The Information”un mənbələri bildirirlər ki, şirkət gözlənilən illik gəlirin sürətlə artması fonunda banklarla ilkin kütləvi səhm təklifi (IPO) barədə qeyri-rəsmi danışıqlar aparır. Mənbələrin iddiasına görə, “Kalshi”nin gözlənilən illik gəliri artıq 2 milyard dollara çatıb.

Şirkətin baş direktoru Tarek Mansour iyunun 24-də “Kalshi”nin IPO imkanını nəzərdən keçirdiyini təsdiqləyib, lakin bunun 2026-cı ildə baş verməyəcəyini bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər