Azərbaycanda publik hüquqi şəxslər qrant ala biləcək.
APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin plenar iclasında qəbul edilən “Qrant haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən publik hüquqi şəxs resipiyent ola biləcək. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc etdirilməsi nəzərdə tutulan publik hüquqi şəxslərin həmin hesabatları auditor rəyi ilə birlikdə təqdim olunacaq.
Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edəcəklər. Bu iki kateqoriyaya məxsus publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirəcəklər. Onların bilavasitə və son nəticədə tabe olduğu publik hüquqi şəxs maliyyə hesabatlarını dərc etdirdikdə həmin qurumlar maliyyə hesabatlarını dərc etdirməyəcəklər.