19 C
Baku
Sunday, April 28, 2024

Pul islahatlarının hansı formaları vardır

Dövlətin pul islahatları keçirməkdə məqsədi inflyasiyanın qarşısı almaq və ya onun nəticələrini yumşaltmaqdır.

İslahat –pul sisteminin tamamı ilə, ya da hissəli şəkildə yenidən formalaşdırılması, dəyişikliyə məruz qalmasıdır.

1. Deflyasiya

Deflyasiya –pul nişanlarının bir hissəsini dövriyyədən çıxarmaqla pul kütləsini azaltmaqdır. Özlüyündə deflyasiya hələ tam pul islahatı demək deyil. Amma adətən deflyasiya islahatın ilkin elçisidir və onun keçiriləcəyindən xəbər verir.

Deflyasiya terminin başqa bir izahatı da vardır: Deflyasiya bazarda tələb və təklif həcminin azalması və bu əmtəələrin alınmasına vəsaitlərin həcminin aşağı düşməsi səbəbindən qiymətlərin enməsidir. Deflyasiya məhsula olan tələbin azalması, təklifin həcminin artması, əmtəənin həddindən artıq çox istehsalı, pula tələbatın artması yaxud əldə edilməsi mümkün olan vəsaitlərin yaxud kreditlərin azalması ilə baş verə bilər.

2. Denominasiya

Köhnə pul nişanlarının müəyyən proporsiyalara uğun şəkildə yeniləri ilə əvəz edilməsi sayəsində pul vahidinin böyüdülməsidir. Bu zaman böyütmə əmsalı qismində 10, 100, 1000 kimi rəqəmlər çıxış edir. Təbii ki, bu halda həmin nisbəti həmçinin bütün məhsul və xidmətlərin qiymətinə, taariflərə, əməkhaqqı və təqaüdlərə də tətbiq edilir. Bu pul dövriyyəsini və pul uçotunu sadələşdirir. Proses inflyasiyanın müəyyən səviyyəyə saldıqdan sonra həyata keçirilir.

Qeyd edək ki, 2005-ci ilin fevral ayının 7-də Azərbaycanda prezidentin fərmanına əsasən milli valyuta olan manatın denominasiyası həyata keçirilib.Həmin fərmana uyğun olaraq, 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Yeni nəsil pul nişanları – 5, 10, 20, 50 və 100 manat dəyərində əskinazlar, həmçinin 1, 3, 5, 10, 20 və 50 qəpik dəyərində sikkələr dövriyyəyə buraxılıb. Həm köhnə, həm də yeni manat 1 il ərzində, 2007-ci ilə qədər dövriyyədə olub. 2007-ci il yanvarın 1-dən etibarən ölkə ərazisində yalnız yeni manatdan istifadə edilir.

3. Devalvasiya

Bu pul vahidinin (valyutanın) tərkibindəki qızılın miqdarını azaltmaq və ya onun əcnəbi valyutalara nisbətdə məzənnəsinin aşağı salınmasıdır. Əgər valyuta məzənnəsi sabitdirsə, devalvasiya dövlətin qərarı ilə həyata keçirilir. Ya da valyutanın kursu avtomatik şəkildə bazar mexanizminin təsiri nəticəsində aşağı düşür.

Devalvasiya – (latınca – de azalma və valeo – əhəmiyyət daşımaq) – sərt valyutalara, beynəlxalq hesab vahidlərinə nisbətdə ölkənin valyuta kursunun aşağı düşməsi, pulun real qızıl məzmunun kiçilməsidir. Devalvasiya mövcud qanunvericilik üzrə ölkə hökuməti tərəfindən rəsmi tanına bilər. Bu açıq devalvasiyada hökumət dövriyyəndən müəyyən pul kütləsini çıxartmaq və ya qiymətdən düşmüş pulları dəyişməklə onu öz valyutasının möhkəmləndirilməsi vasitəsinə çevirir. Qapalı (gizlin) devalvasiyada kağız pulların qiymətdən düşməsi və onların qızıl məzmunun azalmasına baxmayaraq pul kütləsi hissəsinin dövriyyəndən çıxarması baş vermir.

4. Revalvasiya

Bu devalvasiyaya əks olan prosesdir. Pul vahidinin qızıl tərkibinin rəsmi artırılması onun valyuta paritetinin və faktiki valyuta məzənnəsinin yüksəlməsidir. Uzunmüddətli inflyasiyadan sonra pulların alıcılıq qabiliyyətinin bərpa olunması üçün tətbiq edilir.

5. Nulifikasiya

Pulların alıcılıq qabiliyyətinin praktiki olaraq sıfıra enməsinə səbəb olan, olduqca güclü inflyasiyanın nəticəsində həyata keçirilir. Siyasi hakimiyyətin dəyişməsi nəticəsində də həyata keçirilə bilər. Köhnə pul vahidinin qüvvədən düşməsi və etibarlı sayılmadığı elan edilir. Bəzən isə onlar həddindən artıq aşağı məzənnə ilə dəyişdirilir. 1924-cü ildə pul islahatı zamanı bir yeni reyxsmark bir trilyon köhnə markaya dəyişdirilirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər