Rusiya Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Vladimir Putin bu gün səhər İranda baş vermiş və çoxlu sayda insanın həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.
“İkitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib. Rusiya-İran münasibətlərinin əldə edilmiş səviyyəsi yüksək qiymətləndirilib. Münasibətlərin ardıcıl möhkəmlənməsinə, o cümlədən ticarət-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir bildirilib.
İranın nüvə proqramı ətrafında vəziyyətə də baxılıb. Birgə Hərtərəfli Fəaliyyət Planının və BMT Təhlükəsizlik Şurasının 20 iyul 2015-ci il tarixli 2231 saylı Qətnaməsinin qorunub saxlanmasını və tam icrasını təmin edəcək yekun razılaşmanın əldə edilməsi üçün diplomatik səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.
Regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunulub. Xüsusilə, Suriya nizamlanmasına kömək üçün Astana prosesi çərçivəsində bundan sonra görüləcək işlərə bağlılıq bir daha təsdiqlənib”, – Kremlin məlumatında qeyd olunub.