Şirkət rəhbərlərinin fikrincə, kibertəhlükələr bank sektoru və kapital bazarları üçün risklər siyahısında ifrat tənzimləməni birinci yerdən sıxışdırıb çıxarıblar. Sorğu iştirakçılarının 89%-i kibertəhlükəsizliyə dair narahatlıq keçirdikləri halda, 93%-i 2018-ci ilə kibertəhlükəsizliyin təmin olunması üçün əhəmiyyətli investisiyalar planlaşdırıblar. Bu PwC tərəfindən keçirilən dünyanın ən böyük şirkət rəhbərlərinin 21-ci illik sorğusu çərçivəsində “Dəyişməyin yolu: iş ustasından qorxar” hesabatının əsas nəticələrindən biridir.
Ötən il ərzində texnoloji tərəqqinin templərini (85%) və bununla birbaşa əlaqədar olaraq müştəri davranışlarındakı dəyişiklikləri (73%) biznesləri üçün təhlükə hesab edən rəhbərlərin sayı artıb. Onlar yeni texnologiyaların yaranması ilə bağlı məsələləri həll etmədən, müştərilərin davranışındakı dəyişikliklərə reaksiya verməyin mümkün olmadığını başa düşürlər. Eyni zamanda, yeni rəqiblər tərəfindən qəbul edilən təhlükənin nisbətən aşağı səviyyədə olması fintech seqmenti tərəfindən təzyiqin azaldılmasının göstəricisidir. Fintech şirkətləri getdikcə potensial rəqib kimi deyil, innovasiya və kadr ehtiyatı mənbəyi kimi qiymətləndirilir.
Yeni texnologiyaların potensialının kapitalizasiyası yalnız texnologiyaların özləri sayəsində deyil, həmçinin onları mənimsəyən işçi heyəti tərəfindən mümkün olur. İnnovasiyaları tətbiq etmək və onların tam kommersiya potensialını həyata keçirtmək bacarığına sistemlər deyil, məhz insanlar malikdir.
İnsan və maşınların işinin bir-biri ilə sıx əlaqədar olduğu, onların bir növ “hibrit” işçi qüvvəsinə çevrildiyi bir dövrdə işçi heyətinin necə təşkil olunacağını anlamaq vacibdir. Bank sektoru və kapital bazarlarının CEO-larının əksəriyyəti hələ də insan və maşın sinerjisinin potensialının maksimum necə reallaşdırılmasını anlamırlar. Rəqəmsal texnologiya dövründə kadr strategiyasının hazırlanması zamanı sorğuda iştirak edənlərin yarıdan az hissəsi (44%), məsələn, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi sahəsində, robotlaşdırma və süni intellekt imkanlarına dair aydın təsəvvürlərə malikdirlər.
Sektorun təşkilatları həmçinin avtomatlaşdırma və süni intellektdən istifadənin nəticələri ilə bağlı ümumi məsələləri həll etməlidirlər. İşçilərinin etibarını artırmaq üçün avtomatlaşdırma və süni intellektin təsiri ilə bağlı şəffaflığın təmin olunmasına cəhd edirlərmi, sualına rəhbərlərin təxminən üçdə ikisi müsbət cavab verib və 10%-i isə növbəti 12 ay ərzində bu istiqamətdə işləməyi planlaşdırır. Eyni zamanda, 20%-dən çoxu bu məsələnin həll haqqında düşünmür və yaxın gələcəkdə bununla məşğul olmağı planlaşdırmır.