2026-cı ilin yanvar-mart aylarında Azərbaycandakı hotellərdə gecələmə sayı illik müqayisədə 3.5% azalaraq 838.2 min təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycan vətəndaşları üzrə gecələmə sayı 10.1% azalaraq 344.6 minə düşsə də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzrə göstərici 1.8% artaraq 493.6 minə yüksəlib.
Bakı hotellərdə gecələmələrin əsas mərkəzi olaraq qalır. Paytaxtda gecələmə sayı illik müqayisədə 4% azalaraq 484.8 min olub. Bununla belə, xarici turistlərin Bakıya marağı artıb və əcnəbilər üzrə gecələmə sayı 3.6% yüksələrək 389.5 minə çatıb.
Regionlar arasında ən yüksək artım Gəncə şəhərində qeydə alınıb. Burada hotellərdə gecələmə sayı 127.2% artaraq 15.5 minə yüksəlib. Şəhərdə həm yerli turistlərin gecələmə sayı 134.9%, həm də xarici turistlərin göstəricisi 83.9% artıb. Xaçmaz rayonunda da kəskin yüksəliş müşahidə olunub — gecələmə sayı 4.4 dəfə artaraq 10.5 minə çatıb. Rayonda əsas artım daxili turizm hesabına baş verib.
Naftalan şəhəri də turist axınının artdığı istiqamətlərdən biri olub. Kurort şəhərində gecələmə sayı 27.9% artaraq 47.3 minə yüksəlib. Burada əcnəbilərin gecələmə sayı 51.3% artaraq 25.8 minə çatıb ki, bu da Naftalanın sağlamlıq turizmi istiqamətində xarici turistlər üçün daha cəlbedici olduğunu göstərir. Quba rayonunda isə ümumi gecələmə sayı 10.9% artıb. Rayonda yerli turistlərin gecələmə sayı 29.6% artsa da, xarici turistlər üzrə göstərici 28.3% azalıb.
Ən ciddi azalma isə Qəbələ və Şabran rayonlarında qeydə alınıb. Qəbələdə hotellərdə gecələmə sayı illik müqayisədə 38.7% azalaraq 29 minə düşüb. Burada həm yerli turistlər üzrə göstərici 44.7%, həm də xarici turistlər üzrə gecələmə sayı 23% azalıb. Şabranda isə gecələmə sayı 75.2% geriləyərək 10.2 min təşkil edib.
Qusar rayonu xarici turistlər üçün ən cəlbedici bölgələrdən biri olaraq qalsa da, Qusar üzrə göstəricilər də azalır. Rayon hotellərində gecələyənlərin 59.3%-ni əcnəbilər təşkil edib. Bakıda isə bu göstərici 80.3% olub. Lənkəran və Xaçmaz kimi bölgələrdə isə əsas tələbi yerli turistlər formalaşdırıb.








