Avqustun 11-də Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın qeydə alınıb və dərhal yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və qısa müddətdə söndürülməsi məqsədilə nazirliyin Aviasiya dəstəsinin ikinci helikopteri də yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri tərəfindən davam etdirilir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.