16 C
Baku
Thursday, May 2, 2024

Qədim Roma bank sistemi

Pul dövriyyəsi bank işinin yaradılması və tərəqqisinin əsasını təşkil edirdi. Bundan əlavə, bank fəaliyyətini hüquqi tənzimlənməsini təmin edən roma qanunları da mühüm təsirə malik idi.

Roma hüquq sistemi – antik dövrün ən böyük nailiyyətlərindən biridir. Romada ayrı-ayrı şəxslər və dövlət arasında hüquqi münasibətin çevik, qanuni və sivilizasiyalı normaları yaradılmışdır (məsələn, Siseron mülkiyyət hüququnun pozulmasını insan hüquqlarına laqeydlik kimi qiymətləndirirdi). E.ə 5-ci əsrdə mis lövhələrdə XII cədvəl qanunu (e.ə. 451-450-ci illərin qanun külliyyatı) həkk olunmuşdur. 

Buradan aydın görünür ki, qanunlar talion, daha doğrusu qan qisası prinsipinə əsaslanır, hərçənd ki, əksər romalılar hesab edirdilər ki, maliyyə pozuntusuna görə yalnız vətəndaş məsuliyyəti daşımaq lazımdır: “Borclara görə borcalan canı ilə deyil malı ilə öhdəlik daşımalıdır”. E.ə. 326-cı ildə borclara görə köləlik ləğv olundu. Iqtisadi sövdələşmələr hüquqi müstəvidə təsdiq olundu. E.ə 304-cü ildə şikayət iddialarının formulu və təsdiq olunmuş hüquqi proseslər dərc olundu.

Roma hüququ bank sisteminə birbaşa təsirə malik idi. “Bank sahibləri konsul (qədim Roma respublikasında ali inzibati vəzifə) tərəfindən təyin olunmuş gündə öz hesablarını dərc etməlidirlər. Bu sərəncam tamamilə əsaslıdır, çünki əgər bankirlar fərdi şəxslərin hesabları ilə əməliyyat aparırlarsa, onda mənə öz hesabımla bağlı məlumatların çatdırılması ədalətli olardı”. Roma hüquqşünasları maliyyəçilərin vacibliyini təsdiq edir və uçot məlumatlarının açıqlanmasının zəruriliyini qeyd edirdilər: “Məhz bankirlərin hesabatlarının açıqlanması daha vacibdir, belə ki, onların fəaliyyəti ictimai xarakter daşıyır və əsas vəzifələri hesabatların düzgün tərtib edilməsidir”.

Hətta uçot texniki cəhətdən də tənzimlənirdi. Uyğun olaraq, biz görürük ki, roma hüquqşünasları maliyyə və bank haqqında suallara çox ciddi və kvalifikasiyalı yanaşırdılar, onun xüsusiyyətlərini başa düşürdülər ki, bu da bütünlükdə bank sisteminin inkişafına səbəb olurdu.

Bir sıra pul sisteminin mövcudluğu, qızıl, gümüş və bürünc sikkələrin müxtəlifliyi sərraf işinin yaranmasına səbəb oldu. Sərraflar, əsasən də əcnəbilər şəhərlərdə ticarət köşkləri açır, sikkələrin orijinallığını yoxlayır, pul mübadiləsini həyata keçirir və hətta borc pul da verirdilər. Yunanıstanda olduğu kimi qədim Romada da banklar sərraf kontorlarından yaransa da, daha intensiv inkişaf edirdi. Maraqlıdır ki, bank işini uzun müddət yunan əsilli şəxslər həyata keçirirdilər. Daha sonra bankirlərin arasında digər ölkələrdən şəxslər və romalılar da fəaliyyət göstərməyə başladı. Onlar uzun müddət köhnə trapezit adını saxladılar. Bu ad hələ Siserondan sonra da qalmaqda davam edirdi.

Roma bankirləri “mensariya” kimi adlandırılırdı. Əməliyyatlar üzrə ixtisaslaşma nəticəsində onlar, pul mübadiləsini həyata keçirən numulyarilərə və əmanətləri qəbul edən, kredit verən, nağdsız hesablaşmaları həyata keçirən arqentarilərilərə bölündülər. Sikkə mübadiləsi, xüsusilə də əmanətlərin qəbulu kvalifikasiya və təcrübə tələb edirdi. Petroniy yazırdı: “Sizə görə, ədəbiyyatdan başqa ən çətin məşğuliyyət hansıdır? Məncə, həkimlik və sərraflıq… Sərraflar gümüşün daxilində misi belə görürlər”. Sikkələrin yoxlanılmasından sonra onları şahidlərin iştirakı ilə kisə və ya səbətlərə yığırdılar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər