14 C
Baku
Wednesday, April 17, 2024

Qənaət etməyin 10 sadə yolu

Qənaət dedikdə, xərcləri optimallaşdırmaq və maliyyə durumunu yaxşılaşdırmaq məqsədilə qazandığın məbləğdən az xərcləmək nəzərdə tutulur. 

Qənaət etməyin 10 sadə üsulu aşağıdakılardır:

Üsul 1. 30 gün qaydası. Sizcə qənaətin əsas düşmənləri nələrdir? İlk növbədə, impulsiv, spontan və düşünülməmiş alış-veriş etməkdir. 30 gün qaydası sizi lazımsız məhsulları almaqdan çəkindirəcək. Qaydanın mahiyyəti bundan ibarətdir: spontan olaraq nə isə almaq istədiyiniz əşyanı həmin an almayın, alış-verişi bir aylıq təxirə salın. Və bir ay keçdikdən sonra özünüzə sual verin: bu mənə həqiqətənmi lazımdır?

Bir qayda olaraq, bir ay keçdikdən sonra insan bu və ya digər məhsullara ehtiyacı olmadığını başa düşür. Təxirə saldığınız alış-verişlərin siyahısını tutsanız yaxşı olar, çünki zaman keçdikcə onlardan bəzilərini asanlıqla unuda bilərsiniz.

Üsul 2. 10 saniyə qaydası. Spontan alış-verişlə mübarizə aparmağın digər üsullarından biri də 10 saniyə qaydasıdır. Əgər 30 gün qaydası daha çox iri alış-verişlər üçün uyğun gəlirsə, 10 saniyə qaydası hər növ alış-verişlərə uyğun gəlir. Siz bu qaydadan supermarketə getdikdə belə istifadə edə bilərsiniz. 

Deməli, hər hansısa məhsulu almaq istəyiniz zaman 10 saniyə ərzində “Bu mənə nə üçün lazımdır?” sualına  cavab verin. Əgər həmin an ağlınıza heç bir şey gəlmədisə, malı yerinə qoyun. 

Üsul 3. Televizordan imtina. Bu üsul qlobal olsa da, çox effektivdir. Məsələ ondadır ki, biz hər gün televiziyada onlarla, bəlkə də yüzlərlə reklam izləyirik. El arası televizora “zombi qutusu” da deyillər və bu təsadüfi deyil. İnternetdə də reklam var, lakin effektivlik baxımından televiziya birinci yerdə durur. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, internetdə reklam gördükdə biz onu asanlıqla söndürə bilirik, televiziyada isə bu mümkün deyil. Beləliklə, insanlar reklamın passiv izləyicilərinə çevrilirlər. Telekanallarda gedən reklamlarda xoşbəxt, sağlam və məmnun insanlar görürük və onlara bənzəmək üçün şüur altı olaraq daha çox lazımsız əmtəə və xidmətlər istehlak edirik. 

Televizordan imtina etsəniz, lazımsız alış-verişlərdən azad olacaqsınız. 

Ümumiyyətlə, televizor – köhnəlmiş və etibarsız informasiya mənbəyidir. 

Üsul 4. Təşəbbüs. Bir sıra məhsullar vardır ki, onları almadan özümüz də hazırlaya bilərik. Bu həm maraqlıdır, həm də daha ucuzdur. Misal üçün özünə qulluq prosedurlarını götürək. Onların əksəriyyətini ev şəraitində özümüz də edə bilərik. Bunlara idman, qida və s. da daxildir. 

Üsul 5. Qiymətlərin müqayisəsi. Özünüzü maliyyə analitiki kimi aparın – qiymətləri müqayisə edin. Daimi olaraq istifadə etdiyiniz əmtəə və xidmətlərin müxtəlif mağazalardakı qiymətlərini qeyd edin. Qızıl qayda belədir: “Dəyərindən çox pul ödəmə!”. Artıq birinci aydan başlayaraq bu üsulun nəticəsini görəcəksiniz. 

Üsul 6. Stressə davamlı olun. Bu üsul ilk baxışdan çox sadə görsənsə də, onu icra etmək kifayət qədər çətindir. Məsələ ondandır ki, insanlar stress keçirərkən daha çox pul xərcləməyə meyllidirlər. Bu, özünü hər bir şeydə büruzə verə bilər: “istirahət” dən tutmuş mənasız alış-verişə qədər. Əgər lazımsız xərclərin səbəbini aradan qaldırsaq, nəticələr də olmayacaq. 

Stressə davamlı olmaq o qədər də asan deyil, bunun üçün ilk növbədə stressə qarşı olan münasibəti dəyişdirmək lazımdır. 

Üsul 7. Möhtəşəm təmizləmə. Qənaət etməyin üsullarından biri də evdə təmizlik işlərinin aparılmasıdır. Belə ki, evdən uzun müddət ərzində tapa bilmədiyiniz və ehtiyac duyduğunuz bir çox əşyalar tapa bilərsiniz. İstifadə etmədiyiniz əşyaları satmaq da əla ideyadır. 

Üsul 8. Pulsuz əyləncə və istirahət. Çox vaxt büdcəmizin əhəmiyyətli hissəsini əyləncə və istirahətə xərcləyirik. Unutmayın ki, bir çox əyləncə növündən pulsuz şəkildə də yararlanmaq olur. Belə əyləncələr haradasa daha maraqlı, haradasa isə daha maraqsız ola bilər. Seçim sizindir. 

Üsul 9. İstehlak kreditlərindən imtina. Təəssüflər olsun ki, əhalinin kreditləşmə səviyyəsi olduqca yüksəkdir və ildən ilə daha çox artır. Bu, perspektivsiz xərclərdir. Çalışın istehlak kreditlərindən və kredit kartlardan istifadə etməyəsiniz. Qənaətin bu üsulu hal-hazırda kreditdən istifadə edənlər üçün aktualdır. 

Üsul 10. Məqsədiniz üçün qənaət edin! Və nəhayət, qənaət üçün qənaət etmək çox mənasızdır. Hər hansısa məqsədlər üçün qənaət etmək lazımdır. Məqsədiniz nə qədər dəqiq olsa, bir o qədər yaxşıdır. Məsələn, borcları tam olaraq ödəmək, müəyyən məbləğdə pul yığmaq, maliyyə rifahını yaxşılaşdırmaq, biznes açmaq üçün başlanğıc kapital toplamaq, ipoteka götürmək üçün ilkin ödənişi yığmaq və s. Məqsəd bizi motivasiya edir. 

Bu on üsuldan istifadə etsəniz, büdcənizə müsbət təsir göstərmiş olacaqsınız. Sizə uyğun gələn qənaət yollarını seçin və təcrübədə istifadə edin. 

Son xəbərlər
Digər xəbərlər