Qabonda 26 üzvdən ibarət yeni keçid hökuməti qurulub.
Qabonun keçid dövrünün Baş naziri Raymond Ndonq Sima yeni keçid hökumətinin təyin olunduğunu açıqlayıb.
Sentyabrın 7-də Baş nazir vəzifəsinə təsdiqlənən Ndonq Simanın açıqlamasına görə, Regis Onanqa Ndiaye xarici işlər naziri, briqada generalı Bricit Onkadova isə prezidentin milli müdafiə üzrə məsul nümayəndəsi təyin olunub.
Yeni hökumətin tərkibinə əvvəlki tərkibdən üç nazir daxil edilib.
Xatırladaq ki, avqustun 30-da Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya ilə hakimiyyəti ələ aldıqlarını elan ediblər.
Üsyançılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər onun ailəsi və həkimlərinin əhatəsində ev dustağı olduğunu bildiriblər. Avqustun 30-da generalların iclasında Bris Kloter Oliqi Nqema keçid dövrü üçün dövlət başçısı təyin edilib.