İyunun 8-i saat 11:25-dən 18:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutub.
Banker.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.