6 C
Baku
Sunday, December 15, 2024

“Qara bazar”da dollar alıb-satanları həbs gözləyir

Dünya bazarında neftin qiymətinin enməsi nəticəsində Azərbaycanda ard-arda baş verən devalvasiyalardan sonra valyutadəyişmə məntəqələri ləğv olundu və “qara bazar” formalaşdı. Bunun ardınca da hüquq-mühafizə orqanları əməliyyatlara başladılar və bu bazarın alverçiləri mütəmadi olaraq saxlanıldı.

Lakin “qara bazar” tam aradan qaldırılmayıb, dünən “Bandotdel” 2 nəfəri saxlasa da, bu gün yenə həmin bazar mövcuddur. Bəs “qara bazar” hansı qanunvericiliyə əsasən qadağan olunur, saxlanılan alverçilər hansı maddələrlə ittiham edilir və onları hansı cəzalar gözləyir?

Bu suallara aydınlıq gətirən hüquqşünas Xalid Bağırov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər vergi ödəyicisi kimi qeydiyyata durmalıdırlar.

Həmçinin, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi razılıq, lisenziya almaq lazımdır. Maliyyə-kredit əməliyyatlarını həyata keçirən şəxslərin də Mərkəzi Bankdan xüsusi lisenziya almaqları lazımdır. Bu qeydiyyatlar ona görə aparılır ki, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər vergiyə cəlb oluna bilsin və bank sektorunda bazarı nizamlamaq mümkün olsun.

Qeydiyyata düşmədən və xüsusi razılıq almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq pul dövriyyəsini dövlətin rəsmi nəzarətindən çıxartmaq deməkdir. Bu qanunsuz sahibkarlıq və vergidən yayınma sayılır. Həmin şəxslər Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilirlər.

X.Bağırov qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan qadağalar problemin həlli üçün çıxış yolu deyil:

“Bu işlərdə cinayət tərkibi var və insanlar bu cinayəti törətməyə davam edəcəklər. Narkotik qadağandır, amma narkodispanserlər də var. Sərt cəzalar heç də həmişə onun kökünün kəsilməsi ilə nəticələnmir. “Qara bazar”la bağlı da məsələ budur. Qadağan etmədənsə, yolunu açmaq, rəsmiləşdirmək lazımdır. İnsanlar ona görə cinayətə əl atırlar ki, rəsmi fəaliyyət də qadağan olunub. “Exchange”lər bağlanıb, banklar dollar satmır, bunun nəticəsində də “qara bazar” yaranır”.

Xatırladaq ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübut olunarsa, onu CM-nin 192-ci maddəsi üzrə 1 ildən 5 ilədək, 213-cü maddə üzrə isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər
Digər xəbərlər