Rusiya hərbi keşikçi gəmisi dənizdə Britaniya hərbi donanmasına məxsus “Defender” destroyerinə xəbərdarlıq atəşi açıb. Rusiya “Su-24 M” döyüş təyyarəsi isə gəminin hərəkət istiqamətinə bomba atıb.
Rusiya Britaniya gəmisinin ölkə ərazi sularını pozaraq 3 km irəlilədiyini iddia edir. Bu, həqiqətdir, ya yox, onu deyə bilmərəm, amma ayın 21-də “Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri arasında önəmli sənəd imzalanıb və Moskvanı qıcıqlandıran əsas hadisə də budur.
Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi Dəniz Qüvvələri üçün iki bazanın tikintisi nəzərdə tutulur.
Zelenskinin ötən ilin oktyabrında Londona səfəri zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb.
Rusiya Ukrayna ordusunun modernləşdirilməsinə və onun donanmasının dirçəldilməsinə yönəlmiş həmlələrdən çox ciddi qıcıq duyur. Niyə? Çünki bu halda Rusiyanın əlində Ukraynanı çəkindirən yeganə vasitə olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir.
Ümumən Ukraynanın NATO ölkələri ilə hərbi əməkdaşlığının inkişafı və Kiyevin itifaqın hərbi infrastrukturunu Rusiya sərhədlərinə gətirməyə çalışması Moskva üçün böyük başağrısıdır. Dünən Lavrov bildirdi ki, yaxın günlərdə Türkiyə hökuməti ilə bu mövzuda ciddi söhbət aparacaqlar. Türkiyə Ukraynaya zərbə dronları satmaqdan əlavə, bu ölkə üçün 2 ədəd korvet inşa edir.
Rusiya Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib. Moskvanın üzvlük məsələsini daha bir müddət ləngidə biləcəyi şübhəsizdir, amma Ukrayna ordusunun gücləndirilməsi və NATO standartlarına uyğunlaşdırılması davamlı prosesdir.
Müəllif: Şahin Cəfərli