8 C
Baku
Monday, November 18, 2024

“Qarabağ”ın avrokubokdakı qazancı 11,5 milyon manatı keçib

Azərbaycan vitse-çempionu “Qarabağ” avrokuboklarda növbəti qazancını əldə edib.

Konfrans Liqasının qrup mərhələsinin IV turunun “Kayrat”la səfər oyunundakı 2:1 hesablı qələbə Ağdam klubuna 500 min avro qazandırıb.

Bununla da Qurban Qurbanovun yetirmələrinin cari mövsüm avrokuboklarda əldə etdiyi vəsait 5 milyon 900 min 500 avroya çatıb. Bu, 11 milyon 587 min 402 manat təşkil edir.

Qrupdan çıxmağı təmin edən “Qarabağ” ən azı daha 625 min avro qazanacaq. Komandamız qrup ikincisi olduğu üçün 325 min, pley-offa iştiraka görə 300 min qazana bilər.

Lakin komanda qrup qalibi olsa, 325 deyil, 650 min qabağa düşəcək. Bu, 1/8 finala vəsiqə və burada oynamaq üçün 600 min avro deməkdir. Yəni ağdamlılar qrup qalibi kimi birbaşa 1/8 finala qatılsa 1 milyon 250 min, qrup ikincisi kimi pley-offu adlayıb 1/8 finala çıxsa 1 milyon 225 min qazanmış olacaq.

Lakin bunadək hələ qrupun iki matçı var. Təmsilçimiz “Omoniya” ilə ev, “Bazel”lə səfər görüşlərində də büdcəsini artıra bilər. Burada qələbə 500, heç-heçə 166 min gətirir. İlk 4 turda 1 milyon 666 min qazanan komanda bu rəqəmi artırmaq gücündədir.

Təbii ki, mərhələlər keçdikcə mükafatların həcmi də böyüyəcək. 1/4 finalda iştirak 1, 1/2 finalda oynamaq 2 milyon qazanca bərabərdir. Finalda isə qalib 3, məğlub 2 milyon əldə edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər