“Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 30.558.036 manat olan 15.279.018 səhmi satışa çıxarılıb. Müəssisənin ümumilikdə 5.218.134 manat öhdəlikləri var.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10 mln. manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesində müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 18 mln. manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://bit.ly/3Gw8Ssk linki vasitəsilə tanış olmaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 11 may 2023-cü il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 12 may 2023-cü il saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.