Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin Nyu-Yorkda keçirilən 77-ci sessiyası çərçivəsində təşkilatın Baş katibi Antonio Quterreş ilə görüşüb.
Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər dünya və regionda hazırkı vəziyyət və çağırışlara dair müzakirə aparıblar.
Məlumata görə, İ.Qaribaşvili A.Quterreşə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyinə görə təşəkkür edib və BMT-nin münaqişənin dinc yolla həllində iştirakını təqdir edib.
Söhbət zamanı Ukraynada davam edən müharibəyə də toxunulub. İ.Qaribaşvili qeyd edib ki, bu müharibə beynəlxalq təhlükəsizlik arxitekturasını və qaydalara əsaslanan dünya nizamını sarsıdıb.
Tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinə də toxunublar. Söhbət zamanı İ.Qaribaşvilinin səyləri nəticəsində Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya toxunulub.
Qeyd olunub ki, bu razılaşma nəticəsində saxlanılan ermənilərlə Azərbaycanın minalanmış ərazilərinin xəritəsi mübadilə edilib. Baş nazir İ.Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb.